Rusiya Belarusdan 21 ton kartofun idxalını dayandırdı

Dünya

24.12.2025 12:55

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Belarusdan gətirilən 21 ton kartofun Rusiyaya idxalını bloklayıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, 19 dekabr tarixində Bryansk vilayətinin Zlinkovski rayonundakı “Krasnıy Kamen” keçid məntəqəsində Qomel vilayətindən gələn yük avtomobili fitosanitar yoxlamadan keçirilib. Yoxlama zamanı kartofun Sankt-Peterburqdakı alıcıya göndərildiyi və yükün etibarsız fitosanitar sertifikatla müşayiət olunduğu aşkarlanıb.

Nəticədə Rosselxoznadzor yükün Rusiyaya buraxılmasını qadağan edib və məhsul göndərən tərəfə geri qaytarılıb. Qayda pozuntusuna yol verən şəxs barəsində inzibati tədbir görülüb.

Qeyd edək ki, Rosselxoznadzor daha əvvəl də eyni keçid məntəqəsində oxşar hallar qeydə alıb. Sentyabr ayında 22 ton Belarus kartofunun Rusiyaya qanunsuz idxalının qarşısı alınmışdı.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Belarus,Kartof,İdxal,Todaypress.tv,