Pekindən Trampa "sabitlik" çağırışı: Səfər öncəsi mühüm bəyanat

Dünya

12.05.2026 20:15

Pekin ABŞ Prezidenti Donald Trampın Çinə səfəri ərəfəsində Vaşinqtonu iqtisadi əlaqələrdə və qlobal iqtisadiyyatda daha böyük sabitlik təmin etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Pekində keçirilən mətbuat konfransında danışıb.

“Çin-ABŞ iqtisadi və ticarət münasibətləri qarşılıqlı fayda xarakteri daşıyır”, - deyə sözçü bildirib.

Onun sözlərinə görə, hər iki tərəf iki ölkə lideri arasında əldə olunmuş mühüm ortaq razılaşmaları həyata keçirmək üçün birgə çalışmalı və Çin-ABŞ iqtisadi-ticarət əməkdaşlığına, eləcə də qlobal iqtisadiyyata daha çox sabitlik gətirməlidir.

Pekinin bu açıqlaması iki ölkənin yüksək səviyyəli ticarət danışıqları nümayəndələrinin mayın 13-ü Cənubi Koreyada iqtisadi və ticarət məsləhətləşmələri keçirməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Planlaşdırılan görüş mart ayında Paris şəhərində keçirilmiş ABŞ-Çin iqtisadi və ticarət məsləhətləşmələrinin altıncı raundundan sonra baş tutacaq.

Eyni zamanda, Trampın Çinə üç günlük səfərə başlaması planlaşdırılır.

Aysel Mətləb

TodayPress TV

tag: Çin,ABŞ,Quo Jiakun,Donald Tramp,TodayPress TV,