Paşinyan İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini izah etdi

Dünya

25.12.2025 15:01

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini izah edərək reaksiyasını tamamilə məntiqli və uyğun hesab etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bunu o, jurnalistlərə açıqlamasında deyib.

Baş nazir qeyd edib ki, Ermənistanla birbaşa əlaqəli bir hadisə baş verdikdə, ölkə bununla bağlı mövqeyini bildirməyə borcludur. Əgər bu mövqe müsbətdirsə, açıq şəkildə ifadə edilməlidir.

"Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bildirib. Neft məhsulları ilə dolu qatar gəlib və mallar artıq bazarda mövcuddur", - deyə o qeyd edib.

Paşinyan vurğulayıb ki, bu cür hadisələrə münasibətini açıq şəkildə bildirməyin düzgün olduğuna inanır və bunu müxtəlif məkanlarda qəsdən edir ki, Ermənistanın mövqeyi aydın şəkildə bildirilsin.

"Ümid edirəm ki, Ermənistandan mallar tezliklə Azərbaycana ixrac olunacaq", - deyə o əlavə edib

Xatırladaq ki, Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərək, Ermənistana yük axınına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına görə bir daha İlham Əliyevə təşəkkür etmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: Paşinyan,İlham Əliyev,Təşəkkür,Səbəb,Todaypress.tv,