Nepal Everest dağının təmizlənməsi üçün beş illik plan başlayır

Dünya

19.12.2025 19:00

Nepal hakimiyyəti dünyanın ən hündür “zibil yeri” kimi tanınan Everest dağının təmizlənməsi məqsədilə beş illik kompleks fəaliyyət planına start verib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumata görə, iqlim dəyişikliyi Everestdə çirklənmə problemini daha da kəskinləşdirib. Qar və buzların əriməsi nəticəsində uzun illər əvvəl basdırılmış tullantılar, eləcə də buzlaqlar altındakı insan qalıqları üzə çıxır. Bu isə su mənbələrinin çirklənməsi və dağın ətəyində yaşayan icmalar üçün sağlamlıq riskləri yaradır.

Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinin hazırladığı plana əsasən, artan ekoloji təhlükələr fonunda Everest Baza Düşərgəsinin (5 364 metr) köçürülməsi imkanları da araşdırılacaq. Hazırkı düşərgə Xumbu buzlağı üzərində yerləşir və buzların əriməsi səbəbindən xüsusilə yay aylarında qeyri-sabit olur.

Yaz dırmanma mövsümündə baza düşərgəsi yüzlərlə alpinist və köməkçi heyətin yerləşdiyi sıx çadır şəhərinə çevrilir. Bu da ətraf mühitə təsiri daha da artırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nepal,Everest,Təmizləmə,Dağ,Todaypress.tv,