Moskva və Ər-Riyad gəmiçilik rejiminin bərpasını müzakirə etdi

Dünya

08.05.2026 23:32

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud telefon danışığı aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Məlumata görə, müzakirələrin mərkəzində Hörmüz boğazı və onun ətrafındakı vəziyyət dayanıb. Tərəflər gərginliyin yenidən artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb və böhranın bütün aspektləri üzrə dayanıqlı, uzunmüddətli razılaşmaya mümkün qədər tez nail olmaq üçün davam edən diplomatik təmasların sürdürülməsinin zəruriliyini qeyd ediblər.

Rusiya XİN-dən bildirilib ki, gəmiçiliyin azadlığı rejiminin fevralın sonunadək mövcud olduğu formada bərpası məsələsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, İran ilə ərəb ölkələri arasında münasibətlərin uzunmüddətli perspektivdə hərtərəfli normallaşdırılması istiqamətində səylərə qayıdılmasının məqsədəuyğun olduğu vurğulanıb.

Rusiya tərəfi, həmçinin bütün maraqlı tərəflərin mənafeləri nəzərə alınmaqla qeyd olunan istiqamətlərdə irəliləyişə dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,XİN,Sergey Lavrov,Səudiyyə Ərəbistanı,TodayPress TV,