Moskva İrəvana etiraz etdi - səfir XİN-ə çağırıldı

Dünya

07.05.2026 21:50

Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Gurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası Rusiya XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfirin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşü baş tutub.

"Diplomatik missiyanın rəhbərinə Avropa İttifaqının (Aİ) himayəsi altında bu yaxınlarda keçirilən tədbirlər çərçivəsində Volodimir Zelenskiyə (Ukrayna Prezidenti – red.) Rusiyanın ünvanına terror təhdidləri səsləndirmək üçün Ermənistanda tribuna verilməsinin qətiyyən qəbulolunmaz olduğu bildirilib.

Vurğulanıb ki, Moskva bu məsələ ilə bağlı ədalətli narazılığını ifadə edir və rəsmi İrəvanın həmin şəxsin nümayişkar davranışına lazımi mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun olmayan addım hesab edir.

Səfir Rusiya tərəfinin mövqeyini İrəvana çatdıracağına söz verib", - deyə Nazirliyin məlumatında qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,Rusiya,Ukrayna,Zelenski,TodayPress TV,