Lukaşenko İstintaq komitəsinin sədrini baş prokuror təyin etdi

Dünya

24.12.2025 12:31

Belarus Prezidenti Aleksandr Lukaşenkonun qərarı ilə İstintaq Komitəsinin rəhbəri Dmitri Qora dekabrın 13-də Baş prokuror təyin edilib.

TodayPress TV "Pozirk.online"a istinadən xəbər verir ki, ona Böyük Vətən Müharibəsində Belarus xalqının soyqırımı ilə bağlı qanun layihəsi hazırlamaq tapşırılıb.

Lukaşenkonun sözlərinə görə, Baş Prokurorluq soyqırımı faktlarını araşdırmaq və məsul şəxsləri müəyyən etmək üzrə ciddi şəkildə işləyir.

Qoranın İstintaq Komitəsindəki vəzifəsini KQB-nin istintaq şöbəsinin rəisi Konstantin Bıçek tutacaq.

Məlumata görə, Belarusda 2021-ci ildə qəbul edilmiş qanuna əsasən, Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə Sovet vətəndaşlarına qarşı törədilmiş soyqırımı cinayət sayılır.

Cinayət Məcəlləsinin 130.2-ci maddəsinə görə soyqırımı inkar etməyə görə 5 il, qanunun təkrar pozulmasına görə isə 3-10 il həbs cəzası nəzərdə tutulub.

2023-cü ilin iyul ayında Lukaşenkonun imzaladığı dəyişikliklər nəticəsində ölən nasist əlbirlərinə qarşı məsuliyyətin müəyyən edilməsi mümkün olub. 2024-2025-ci illərdə bir neçə nəfər təqsirli bilinib, lakin onlar artıq vəfat etdiyindən cəza tətbiq edilməyib.

Dekabrın 2-də keçmiş Baş Prokuror Andrey Şved SS və təhlükəsizlik polisinin üzvü Hans Eugen Ziqlinqə qarşı Belarus xalqının soyqırımı ilə bağlı altıncı işi Ali Məhkəməyə göndərib.

Qeyd edilib ki, dekabrın 11-də Şved Baş Prokurorluğun 2026-cı ildə ölən nasist əlbirlərinə qarşı 7-10 işi məhkəməyə göndərməyi planlaşdırdığını deyib.

Jalə Rövşən

TodayPress TV

tag: Belarus Prezidenti Aleksandr Lukaşenko,Dmitri Qora,Baş prokuror,Andrey Şved,Todaypress.tv,