Körfəzdə böhran: Trampın əməliyyatı dayandırıldı

Dünya

07.05.2026 10:08

ABŞ prezidenti Donald Trampın gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə elan etdiyi “Azadlıq Layihəsi” əməliyyatı region ölkələrinin narazılığı ilə qarşılanıb.

TodayPress TV xəbər verir ki, bu barədə amerikalı jurnalist Ryan Grim məlumat yayıb.

Məlumata görə, Trampın sosial şəbəkədə əməliyyatın başladığını elan etməsi Səudiyyə Ərəbistanı rəhbərliyini narahat edib. Bundan sonra Ər-Riyad Vaşinqtona ABŞ ordusunun "Şahzadə Sultan" hava bazasından istifadəsinə və Səudiyyə hava məkanında uçuş həyata keçirməsinə icazə verməyəcəyini bildirib.

İki ABŞ rəsmisinin sözlərinə görə, Trampla Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında keçirilən telefon danışığı da nəticəsiz qalıb. Nəticədə ABŞ prezidenti əməliyyatı dayandırmaq qərarı verib.

Ryan Grim iddia edib ki, Küveyt ABŞ-yə öz hərbi bazalarından və hava məkanından istifadə etməyə icazə verməyib.

Mənbələr bildiriblər ki, Körfəzdəki digər ABŞ müttəfiqləri də əməliyyat barədə əvvəlcədən məlumatlandırılmamalarından narazı qalıblar. ABŞ-nin Qətər və Omanla yalnız əməliyyat elan olunduqdan sonra əlaqə saxladığı qeyd olunur.

ABŞ ordusu əməliyyat çərçivəsində Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bölgəyə əlavə hərbi qüvvə və gəmilər yerləşdirib. ABŞ Mərkəzi Komandanlığı daha əvvəl iki ABŞ bayrağı altında üzən gəminin “Azadlıq Layihəsi” çərçivəsində boğazdan keçdiyini açıqlamışdı.

Donald Tramp isə sosial şəbəkə paylaşımında əməliyyatın “müharibənin dayandırılması ilə bağlı razılaşmanın yekunlaşdırılması və imzalanmasını gözləmək üçün” müvəqqəti olaraq dayandırıldığını bildirib.

Nicat Osmanlı

tag: ABŞ,Donald Tramp,Hörmüz,Azadlıq Layihəsi,Todaypress.tv,