Kolumbiya "fövqəladə iqtisadi vəziyyət" elan etdi
Dünya
25.12.2025 13:11
Kolumbiya hökuməti bu il Konqresdən keçə bilməyən vergi artımı planlarını həyata keçirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə edəcəyini açıqladı.
TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, bu qərar ölkənin ən varlı şəxslərinə, bank və maliyyə sektoruna vergiləri artırmaq məqsədi daşıyır. Petro hökuməti bu addımı Konqres tərəfindən vergi islahatı təklifinin rədd edilməsindən sonra "fövqəladə bir həll yolu" kimi elan edib.
Prezident Qustavo Petronun sözlərinə görə, hökumət sərvət vergisinin maksimum dərəcəsini 1,5%-dən 5%-ə qaldıracaq. Bundan əlavə, vergitutma həddi 3,6 milyard pesodan 2 milyard pesoya endiriləcək və bununla da daha çox fərd və şirkət sərvət vergisinə cəlb olunacaq. Maliyyə xidmətlərinə tətbiq olunan əlavə vergi dərəcəsi üçqat artırılaraq 15%-ə çatdırılacaq.
Hökumət büdcə kəsirinin tez bir zamanda bağlanmalı olduğunu və iqtisadi kövrəklik səbəbindən əlavə gəlirə ehtiyac olduğunu bildirir. Buna görə də, vergi artımının Konqres prosesindən keçmədən fövqəladə səlahiyyətlərdən istifadə etməklə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, fövqəladə səlahiyyətlər hökumətə Konqresin təsdiqi olmadan qanun qüvvəsi ilə qərarlar qəbul etməyə imkan verir.
Aysel Mətləb
tag: Kolumbiya, Konqres,Qustavo Petro,Hökumət,Todaypress.tv,
