Kiyevdən Moskvaya çağırış: Hazırsınızsa, biz də hazırıq!

Dünya

11.05.2026 21:26

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov əgər Moskva həqiqətən dialoqa hazırdırsa, Ukraynanın Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Slovakiyanın Baş naziri Robert Fitso-nun Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün danışıqla bağlı bəyanatını şərh edərkən bildirib.

Budanov vurğulayıb ki, Ukrayna danışıqlar imkanından imtina etmir:

“Əgər ciddi danışsaq, Rusiya Federasiyası həqiqətən ciddi dialoqa hazırdırsa, Ukrayna da hazır olar”.

O qeyd edib ki, Kiyevin rəsmi mövqeyi dəyişməz qalır. Ukrayna müharibənin başa çatdırılmasını və sülhün əldə olunmasını dəstəkləyir.

“Ukrayna dəfələrlə bəyan edib və bunu əməlləri ilə sübut edib. Biz müharibənin başa çatmasının, sülhün tərəfdarıyıq. Bu, Ukrayna Prezidentinin dəstəklədiyi rəsmi mövqedir. Biz hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq. Bir daha vurğulamaq istəyirəm: sülhün əldə olunması zəiflik deyil, sağlam düşüncənin sübutudur”, – deyə Prezident Ofisinin rəhbəri bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,Rusiya,Budanov,Zelenski,TodayPress TV,