Kiyev Moskvaya "icazə verdi" – 9 may paradı keçiriləcək
Dünya
08.05.2026 22:49
Ukrayna Prezidenti Vladimir Zelenski 9 mayda Moskvada “Qələbə Günü” münasibətilə paradın keçirilməsinə rəsmi icazə verən fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Telegram” kanalında məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, son günlər Ukraynanın “uzaqmənzilli zərbələr” fonunda 9 mayla bağlı mövqeyi barədə çoxsaylı müraciətlər və siqnallar daxil olub. Rusiya tərəfinə bildirilib ki, Ukrayna hərbçiləri qarşılıqlılıq prinsipinə əməl edəcəklər.
Zelenskinin sözlərinə görə, Ukraynanın bu mövqeyində humanitar məsələ – hərbi əsirlərin azad olunması əsas rol oynayıb.
“Qırmızı meydan bizim üçün evlərinə qaytarıla biləcək ukraynalı əsirlərin həyatından daha az əhəmiyyətlidir. Məhz buna görə bu gün ABŞ tərəfinin vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Rusiyanın 1000-ə 1000 formatında hərbi əsir mübadiləsinə razılığı əldə olunub. Həmçinin 9, 10 və 11 may tarixlərində atəşkəs rejimi tətbiq ediləcək”, - deyə o vurğulayıb.
Prezident əlavə edib ki, o artıq komandaya mübadilənin həyata keçirilməsi üçün bütün zəruri hazırlıqların operativ şəkildə görülməsi tapşırığını verib.
Zelenski əldə olunan nəticələrə görə ABŞ Prezidenti Donald Tramp və onun komandasına təşəkkür edib.
Aysel Mətləb
tag: Zelenski,Moskva,Parad,Fərman,TodayPress TV,
