Hantavirus həyəcanı böyüyür - İspaniyada virus şübhəsi

Dünya

08.05.2026 23:26

İspaniyada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Ehtimal olunan yoluxma daha əvvəl xəstəliyin yayıldığı "MV Hondius" kruiz gəmisi ilə əlaqələndirilir.

Məlumata görə, xəstələnən şəxs ölkənin şərqində yerləşən Valensiya muxtar bölgəsinə daxil olan Alikante şəhərinin sakinidir.

"MV Hondius" gəmisinin mayın 10-da Kanar adalarına çatacağı gözlənilir.

Mövcud məlumata əsasən, gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb. Onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, daha bir pasiyent isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir.

Xəstəliyin daha da yayılması riskini azaltmaq üçün sərnişinlərə kayutlarda qalmaq göstərişi verilib. Lakin uzun inkubasiya dövrünə görə - bu müddət bir neçə həftə davam edə bilər - yeni yoluxma halları dərhal üzə çıxmaya bilər.

Xatırladaq ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanı üzərindən Argentinadan Kabo-Verdeyə reys həyata keçirən Niderlandın "MV Hondius" kruiz gəmisində hantavirus yayılması barədə məlumat vermişdi.

TodayPress TV

tag: Hondius,İspaniya,Hantavirus ,TodayPress TV,