Ermənistan XİN "Tramp marşrutu" tikintisinin başlanma tarixini açıqladı

Dünya

25.12.2025 09:50

Tikintinin başlanması da daxil olmaqla, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nun (TRIPP) praktiki mərhələsi 2026-cı ilə planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) sorğuya cavab olaraq "Sputnik Ermənistan"a bildirib.

XİN Ermənistanın TRIPP layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşları ilə intensiv danışıqlar apardığını açıqlayıb.

Bildirib ki, Ermənistan-Amerika birgə müəssisəsi olan "TRIPP Company" Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, fiber-optik rabitə xətləri də daxil olmaqla zəruri infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında razılaşdırılmış mətnin paraflanması ilə bağlı bəyannamə qəbul edilib. Əldə edilən razılaşmaların bir hissəsi olaraq, İrəvan, həmçinin TRIPP-in yaradılmasında ABŞ və üçüncü tərəflərlə əməkdaşlığa hazır olduğunu bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,XİN,Tramp,Tikinti,Todaypress.tv,