"Düşmənlərimizi ovladıq və öldürdük": ABŞ İŞİD mövqelərinə hücum etdi
Dünya
20.12.2025 17:45
ABŞ Suriyanın şimalında İŞİD mövqelərinə hava zərbələri endirib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı silahlı qruplaşmaya aid qərargahlar, infrastruktur obyektləri və silah anbarları daxil olmaqla təxminən 70 hədəf vurulub. Zərbələr 20 dekabr gecəsi ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri, helikopterlər və artilleriya vasitəsilə həyata keçirilib. Əməliyyatda 100-dən çox sursatdan istifadə olunub, İordaniya Hərbi Hava Qüvvələri isə dəstək göstərib.
ABŞ tərəfi bildirib ki, hücumlar 13 dekabrda Palmira yaxınlığında baş vermiş və ABŞ hərbçilərinin həlak olduğu insidentdən sonra həyata keçirilib. Zərbələrin Deyr əz-Zor, Homs, Rəqqa əyalətlərində və Palmira yaxınlığında həyata keçirildiyi qeyd olunur.
Əməliyyatın nəticələri və itkilərlə bağlı əlavə məlumat açıqlanmayıb.
ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset Suriyada “HAWKEYE STRIKE” adlı hərbi əməliyyatın başladığını açıqlayıb. O bildirib ki, zərbələr 13 dekabrda Palmira yaxınlığında ABŞ hərbçilərinə edilən hücuma cavab xarakteri daşıyır.
Heqsetin sözlərinə görə, əməliyyat çərçivəsində İŞİD-in mövqeləri, infrastrukturu və silah anbarları hədəfə alınıb. ABŞ Prezidenti Donald Tramp da açıqlamasında Suriyadakı İŞİD mövqelərinə “sərt cavab” verildiyini bildirib.
Xatırladaq ki, 13 dekabrda Palmira yaxınlığında ABŞ–Suriya birgə karvanına hücum nəticəsində iki ABŞ Milli Qvardiyası əsgəri və bir amerikalı tərcüməçi həlak olub, üç hərbçi yaralanıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Jalə Rövşən
tag: İŞİD,ABŞ,ABŞ Hərbi Hava Qüvvələri,Suriya,Todaypress.tv,
