Çin vakuum qatarı texnologiyasında sürət rekordu qırdı

Dünya

25.12.2025 19:15

Çinli alimlər maqnitlə işləyən vakuum qatarı texnologiyasında rekord nəticə əldə ediblər.

TodayPress TV xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, elektromaqnit dartma qüvvəsi ilə işləyən çoxtonluq platforma cəmi iki saniyəyə saatda 700 kilometr sürətə çatdırılıb.

Sınaqlar 400 metrlik xətt üzərində aparılıb və platforma sürətləndikdən sonra təhlükəsiz şəkildə dayandırılıb.

Məlumata görə, layihə üzərində Hunan əyalətinin Çanşa şəhərində yerləşən Milli Müdafiə Elm və Texnologiya Universitetinin mütəxəssisləri təxminən 10 ildir çalışır. Alimlər bildiriblər ki, bu nəticələr elektromaqnit dartmasından istifadə edən vakuum nəqliyyat sistemlərinin inkişafı üçün yeni imkanlar yaradır.

Qeyd edək ki, hazırda Çində müasir qatarlar saatda 350 kilometr sürətə çata bilir. Yeni sistem isə qatarların relslər üzərində deyil, vakuum tunellərində hərəkət etməsini nəzərdə tutur və konseptual baxımdan Elon Maskın Hyperloop layihəsinə bənzəyir. Hyperloop texnologiyası isə hələ ki, dünyanın heç bir ölkəsində tam şəkildə tətbiq olunmayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Çin ,Vaakum trexnologiyası ,Qatar,Rekord ,Todaypress.tv,