BMT TŞ Sudanda BMT bazasına dron hücumlarını kəskin pislədi
Dünya
21.12.2025 12:46
BMT Təhlükəsizlik Şurası Sudanda BMT-nin logistika bazasına edilən dron hücumlarını qətiyyətlə pisləyib. Hücum nəticəsində Banqladeşdən olan 6 sülhməramlı həlak olub, 9 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, Şuranın mətbuat bəyanatında həlak olan sülhməramlıların ailələrinə, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara isə tezliklə tam sağalma arzulanıb.
Hücum ötən şənbə günü Sudanın Cənubi Kordofan ştatının Kadugli şəhərində baş verib.
Bəyanatda vurğulanıb ki, BMT-nin logistika bazasına və "UN Interim Security Force for Abyei" (UNISFA) sülhməramlılarına qarşı bu qəsdən edilmiş hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.
Şura üzvləri BMT sülhməramlılarının hədəfə alınmasını və UNISFA-ya qarşı bütün hücum və təxribatları ən sərt şəkildə pisləyərək, məsul şəxslərin dərhal cavabdehliyə cəlb olunmasını tələb ediblər. Bildirilib ki, sülhməramlılara qarşı hücumlar beynəlxalq hüquqa əsasən müharibə cinayəti sayıla bilər.
BMT-yə UNISFA-nın dəstəyi ilə hücumların operativ şəkildə araşdırılması və prosesin gedişi barədə müvafiq qoşun verən ölkənin məlumatlandırılması çağırışı edilib. Eyni zamanda ev sahibi qurumların BMT obyektlərinin, personalının və sülhməramlıların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atması istənilib.
Şura Sudanın və Cənubi Sudanın UNISFA-nın fəaliyyətinə tam dəstək verməsinin vacibliyini vurğulayıb və Abyei bölgəsində sülh, təhlükəsizlik və sabitlik üçün iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd edib.
Qiymət Mahir
tag: BMT,Sudan,Dron,Hücum,Todaypress.tv,
