BMT: Livanda humanitar vəziyyət kritik olaraq qalır
Dünya
07.05.2026 23:12
BMT İsrailin atəşkəsi pozaraq ölkənin müxtəlif nahiyələrinə zərbələr endirməsi və dağıntılar törətməsi səbəbindən Livandakı humanitar vəziyyətin kritik olaraq qaldığını bəyan etdi.
TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib.
"Hücum zamanı mülki şəxslərin, o cümlədən uşaqların həlak olması barədə məlumatlardan dərin narahatlıq keçiririk. Biz bir daha bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, beynəlxalq hüquqa, o cümədən beynəlxalq humanitar hüquqa tam əməl etməyə çağırırıq", - deyə o qeyd edib.
Düjarrik həmçinin əlavə edib ki, Livanın cənubundakı BMT sülhməramlıları və onların mövqeləri davam edən hərbi əməliyyatlardan birbaşa təsirlənir. Onun sözlərinə görə, ölkənin cənubundakı əl-Bayada qəsəbəsində yerləşən sülhməramlı postu hücuma məruz qalıb, nəticədə tərəflər arasında atışma baş verib və yaxın ərazilərdə İsrail hərbi fəallığı qeydə alınıb.
Xatırladaq ki, mayın 6-sı İsrail Beyruta hava zərbəsi endirib. İddia edilib ki, hücum nəticəsində "Hizbullah"ın elit "Radvan" qüvvələrinin rəhbəri Əhməd Balut öldürülüb. "Hizbullah" sözügedən ölüm xəbəri ilə bağlı hələlik şərh verməsə də, Livan paytaxtının cənub məhəllələrində bir mənzilə endirilən zərbə genişmiqyaslı dağıntılara səbəb olub.
Aysel Mətləb
tag: BMT,İsrail,Livan,Stefan Düjarrik,TodayPress TV,
