Belarus 2026–2030-cu illər üçün inkişaf prioritetlərini açıqladı
Dünya
19.12.2025 18:58
Belarusda 2026–2030-cu illəri əhatə edən beşillik dövr üzrə dövlət inkişafının əsas prioritetləri müəyyənləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə 19 dekabr 2025-ci ildə Minskdə keçirilən Ümumabelarus Xalq Məclisinin iclasında Belarusun Baş naziri Aleksandr Turçin çıxışı zamanı məlumat verib.
Baş nazir qarşıdakı beş il üçün yeddi əsas prioritetin müəyyən olunduğunu bildirib:
“Birinci prioritet milli demoqrafik təhlükəsizliyin təmin edilməsidir. Bu çərçivədə əhalinin qorunması, millətin sağlamlığının möhkəmləndirilməsi və ailə institutuna dəstəyin artırılması nəzərdə tutulur.
İkinci prioritet insan potensialının inkişafı, keyfiyyətli təhsilin təmin edilməsi, harmonik və vətənpərvər şəxsiyyətin formalaşdırılmasıdır.
Üçüncü prioritet yaşayış üçün keyfiyyətli və rahat mühitin yaradılmasını əhatə edir.
Dördüncü prioritet ölkənin rəqabət qabiliyyətinin artırılması, texnoloji inkişafın sürətləndirilməsi və rəqəmsal transformasiyanın həyata keçirilməsidir.
Beşinci prioritet güclü regionların formalaşdırılmasıdır.
Altıncı prioritet dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və müdafiə sənayesinin iqtisadiyyatdakı rolunun artırılması ilə bağlıdır.
Yeddinci prioritet isə Belarusun turizm potensialının reallaşdırılmasını nəzərdə tutur”.
O qeyd edib ki, proqramda nəzərdə tutulan hər bir prioritet üzrə Hökumət üzvlərindən kuratorlar təyin olunub, konkret vəzifələrin icrasına isə nazirlər və qubernatorlar şəxsən cavabdehdirlər.
Qiymət Mahir
tag: Belarus,2026,2030,Prioritet,Dünya,Todaypress.tv,
