BAEA: İran nüvə obyektlərinə giriş verməlidir

Dünya

20.12.2025 15:15

BAEA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərinə çıxış məsələsində israrlı olduqlarını bildirib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki,  Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi "RİA Novosti"yə açıqlamasında  İranın güclü tədqiqat və inkişaf komponentinə malik, yüksək səviyyədə inkişaf etmiş nüvə proqramı həyata keçirdiyini və ölkə daxilində bir çox obyektin mövcud olduğunu deyib.

Onun sözlərinə görə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və Hərtərəfli Təminat Sazişinə əsasən, İran bütün nüvə obyektlərinə giriş imkanı yaratmalıdır.

Qeyd edək ki, noyabrın 16-da İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın artıq İranın nüvə proqramı ilə bağlı məsələləri Aİ-3 formatında – Fransa, Almaniya və Böyük Britaniya ilə müzakirə etməyəcəyini açıqlayıb. O, bu qərarın sözügedən ölkələrin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməyə çalışmasından sonra verildiyini bildirib.

Sentyabrın 19-da isə BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların ləğvinin uzadılması ilə bağlı qətnamə layihəsini qəbul etməyib. ABŞ, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somali, Panama, Sloveniya və Syerra-Leone sənədin əleyhinə səs verib. Rusiya, Çin, Pakistan və Əlcəzair isə sanksiyaların ləğvini dəstəkləyib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl Qərbin İrana qarşı sanksiyaları yeniləmək cəhdlərini "həddən artıq addım" kimi qiymətləndirmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: BAEA,Nüvə,Obyekt,Rafael Qrossi,Todaypress.tv,