Avstriya ordusu "həyəcan" təbili çaldı - qırıcılar havaya qaldırıldı

Dünya

12.05.2026 20:08

ABŞ hərbi təyyarələri icazəsiz şəkildə Avstriya hava məkanına daxil olduqdan sonra ölkə iki gün ərzində iki dəfə “Eurofighter” qırıcılarını havaya qaldırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Hadisələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "PC-12" tipli iki təyyarə ilə bağlı olub. Bu turbovintli model adətən müşahidə və kəşfiyyat missiyaları üçün istifadə olunur.

“Kurier” qəzeti yazıb ki, bu təyyarələr müvafiq icazə olmadan ölkənin hava məkanına daxil olduqları üçün hava nəzarəti siqnallarını işə salıb.

Müdafiə Nazirliyinin sözçüsü Maykl Bauer bildirib ki, mayın 11-i icazəsiz uçuşu müəyyənləşdirmək üçün iki Avstriya “Eurofighter” qırıcısı havaya qaldırılıb. Onun sözlərinə görə, Avstriya təyyarələri yaxınlaşdıqdan sonra ABŞ hərbi təyyarələri geri dönərək Münhenə qayıdıb.

Bauer təsdiqləyib ki, həmin təyyarələr mayın 10-u da Yuxarı Avstriya üzərində müşahidə olunub və bu zaman da qırıcılar havaya qaldırılıb. O bildirib ki, hadisə diplomatik kanallar vasitəsilə həll olunacaq.

Qeyd edək ki, son aylarda Avstriya öz hava məkanına nəzarəti gücləndirib. Apreldə ölkə neytrallıq qanununa istinad edərək İranla müharibədə iştirak edən ABŞ hərbi təyyarələrinin Avstriya hava məkanından istifadə etməsinə qadağa qoyub.

Baş nazirin müavini Andreas Babler sosial şəbəkədə yazıb ki, avstriyalılar ABŞ Prezidenti Donald Trampın xaos siyasəti və onun müharibəsi ilə heç bir əlaqədə olmaq istəmirlər. O əlavə edib ki, neytrallıq ölkə üçün qiymətli dəyərdir, müharibəyə yox.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Avstriya ,Eurofighter,Tramp,TodayPress TV,