Avropa İttifaqı üçün geri sayım başladı - rüsumlar qalxa bilər
Dünya
08.05.2026 02:00
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirmək və Amerika məhsullarına tətbiq olunan rüsumları ləğv etmək üçün iyulun 4-dək vaxt verib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ilə telefon danışığı zamanı bildirib.
“Şotlandiyanın Ternberri şəhərində razılaşdırdığımız, tarixdəki ən böyük ticarət sazişi olan tarixi anlaşma üzrə Aİ-nin öz öhdəliklərini yerinə yetirməsini səbirlə gözləyirəm. Aİ tarifləri sıfıra endirəcəyinə söz verib. Mən buna ABŞ-nin 250 illiyi gününədək vaxt verməyə razılaşdım. Əks halda, təəssüf ki, bizim tariflərimiz daha yüksək səviyyəyə qalxacaq”, - deyə Tramp “Truth Social”da yazıb.
Amerika lideri əlavə edib ki, o, Avropa Komissiyasının rəhbəri ilə İran ətrafındakı vəziyyəti də müzakirə edib. Prezident vurğulayıb ki, tərəflər Tehranın heç vaxt nüvə silahı əldə etməməsi məsələsində ortaq mövqedədir. O, fon der Lyayenlə söhbətini “əla” adlandırıb.
Xatırladaq ki, 2025-ci ilin avqustunda ABŞ və Aİ siyasi çərçivə sazişi razılaşdırıb. Sazişə əsasən, Avropa İttifaqından idxal olunan əksər məhsullara 15 faiz rüsum tətbiq ediləcək. ABŞ-yə polad və alüminium idxalına isə 50 faiz rüsum qüvvədə qalacaq.
Aysel Mətləb
tag: ABŞ ,Tramp ,Avropa ,Lyayen ,TodayPress TV,
