Almaniya kanslerinə ağır zərbə: Mertsin reytinqi niyə sürətlə düşür?
Dünya
12.05.2026 15:08
Almaniya kansleri Fridrix Mertsin seçicilərlə görüşləri gözlənilən nəticəni vermir və onun reytinqinə mənfi təsir göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, Fridrix Merts ölkə üzrə səfərlərə çıxaraq Almaniyanın düzgün istiqamətdə irəlilədiyini seçicilərə çatdırmağa çalışır. Lakin jurnalistlərin fikrincə, bu görüşlər uğur gətirmir.
Nəşr kanslerin Zaltsvedeldə sakinlərlə görüşünü nümunə göstərib. Bildirilir ki, xərçəng xəstəsi olan bir qadın səhiyyə xərclərinin azaldılması fonunda nazirlərin maaşlarının artırılması barədə sual verib. Mertsin həmin suala verdiyi “kobud və hissiyyatsız cavab” geniş tənqidlərə səbəb olub.
Qeyd olunur ki, qadının nazirlərin maaşları ilə bağlı səsləndirdiyi fikirlərin böyük hissəsi həqiqətə uyğun olmasa da, kanslerin reaksiyası cəmiyyətdə mənfi qarşılanıb.
"Politico" yazır ki, Mertsin populyarlığının azalması sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının xeyrinə işləyir. Sorğuların əksəriyyətində partiya hazırda hakim Xristian-Demokrat İttifaqını qabaqlayır.
Bundan əvvəl Fransanın “Patriotlar” partiyasının sədri Florian Philippot Mertsin Rusiyaya qarşı sərt açıqlamalar verdiyini, lakin Almaniya ordusunun zəifliyini unutduğunu bildirmişdi.
Qiymət Mahir
tag: Almaniya , Fridrix Merts,AfD,Zaltsvedel,TodayPress TV,
