Almaniya Aİ-ni yenidən qurmaq istəyir - 6 maddəlik plan açıqlandı
Dünya
07.05.2026 00:05
Almaniya Avropa İttifaqının (Aİ) əsaslı şəkildə yenidən qurulması üçün altı bəndlik plan təklif edib.
TodayPress TV xəbər verir ki, rəsmi Berlin qlobal münaqişələrin kəskinləşdiyi və genişləndiyi bir şəraitdə birliyin daha çevik qərarlar qəbul edə bilməsi üçün dəyişikliklərin vacib olduğunu bəyan edib.
Almaniyanın xarici işlər naziri İohann Vadeful Berlində Konrad Adenauer Fondunda çıxışı zamanı İran müharibəsini "dəyişən dünya nizamının son təzahürü" adlandırıb. O qeyd edib ki, Aİ xüsusilə xarici və təhlükəsizlik siyasətində effektivliyini qorumaq üçün sürətlə hərəkət etməlidir.
Aİ-yə üzv olan 27 dövlət arasında konsensus əldə olunmadıqda yaranan çıxılmaz vəziyyətdən qaçmaq üçün Vadeful bir qrup üzv ölkəyə digərləri tərəfindən ləngidilmədən müəyyən məsələlərdə irəli getməyə icazə verilməsini təklif edib.
"Mənim təklifim o deməkdir ki, iştirak etmək istəməyən və ya bəlkə də iştirak edə bilməyən ölkələr irəli getmək istəyənlərə mane olmadan bir müddət kənarda qala bilərlər".
Nazir, həmçinin ümumi xarici və təhlükəsizlik siyasətində yekdillik prinsipinin "ixtisaslı səs çoxluğu" ilə əvəzlənməsinə çağırıb. O, mövcud sistemin ayrı-ayrı ölkələrə qərarların qəbulunu uzun müddət ləngitməyə imkan verdiyini qeyd edib. O bildirib ki, Almaniya Aİ-də dəyişikliklər etmək və prosesləri irəli aparmaq istəyir. Brüssel xüsusilə ümumi xarici və təhlükəsizlik siyasətində sürətini artırmalıdır.
Vadeful təqdim etdiyi altı təklif arasında Aİ-nin genişlənmə prosesini sürətləndirmək üçün "mərhələli üzvlük" modelini də irəli sürüb. Bundan əlavə, o, birliyin tərkibi böyüdükcə Aİ institutlarının fəaliyyətini davam etdirə bilməsi üçün islahatların zəruriliyini vurğulayıb.
Aysel Mətləb
tag: Almaniya,Avropa,İttifaq,İohann Vadeful,TodayPress TV,
