Aİ Şurasından qərar: Suriya ilə münasibətlərdə yeni səhifə açılır
Dünya
11.05.2026 20:22
Avropa İttifaqı (Aİ) Şurası Avropa İqtisadi Birliyi ilə Suriya Ərəb Respublikası arasında əməkdaşlıq sazişinin tətbiqinə qoyulmuş qismən məhdudiyyətin ləğv edilməsi barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə Şuranın yaydığı kommünikedə bildirilib.
“Qismən dayandırmanın aradan qaldırılması əməkdaşlıq sazişinin tam şəkildə yenidən tətbiqi deməkdir və bu, Avropa İttifaqı ilə Suriya arasında ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində mühüm addımdır. 2011-ci ildə tətbiq edilən və 2012-ci ildə uzadılan bu qismən dayandırma, sazişin ticarətlə bağlı bəzi müddəalarını əhatə edirdi və Bəşər Əsəd rejimi tərəfindən insan hüquqlarının ciddi pozuntularına cavab olaraq qəbul olunmuşdu”, – deyə qeyd edilib.
Məlumatda vurğulanıb ki, məhdudiyyət bəzi Suriya mallarına, o cümlədən neft, neft məhsulları, qızıl, qiymətli metallar və almazlara şamil edilirdi.
“Nəzərə alaraq ki, Əsəd rejimi 2024-cü ilin dekabrında süqut edib və daha sonra Aİ Şurası 2025-ci ilin mayında (təhlükəsizliklə bağlı sanksiyalar istisna olmaqla) Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi barədə qərarlar qəbul edib, bu dayandırmanı əsaslandıran şərtlər artıq qüvvədə deyil”.
Bildirilib ki, bu qərar Brüssel tərəfindən “Suriyada sülh və inklüziv keçid prosesini dəstəkləmək, eləcə də ölkənin sosial-iqtisadi bərpasına kömək etmək istiqamətində Aİ-nin daha geniş siyasətinə” uyğundur.
Aysel Mətləb
tag: Suriya,Avropa,İttifaq,Şura,TodayPress TV,
