ABŞ-də qərarsızlıq: diplomatiya, yoxsa hərbi addım?

Dünya

12.05.2026 10:46

ABŞ prezidenti Donald Tramp İranla müharibənin dayandırılması üzrə aparılan danışıqların gedişindən getdikcə daha çox məyus olur. Trampın bəzi köməkçiləri onun böyükmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına daha açıq yanaşdığını bildirir.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin narazılığı xüsusilə Hörmüz boğazının bağlanmasının davam etməsi və İran rəhbərliyi daxilində mövcud fikir ayrılıqlarının nüvə proqramı üzrə danışıqların irəliləməsinə mane olması ilə bağlıdır.

Bildirilib ki, ABŞ administrasiyasında növbəti addımlar barədə fikir birliyi yoxdur. Pentaqon-un bəzi nümayəndələri hərbi təzyiqin artırılmasını və dəqiq zərbələrin endirilməsini dəstəkləyir, digər qrup isə diplomatik yolun davam etdirilməsinin tərəfdarıdır.

Trampın müttəfiqləri isə Pakistan vasitəçilərinin İrana qarşı daha sərt mövqe sərgiləməsini istəyir. ABŞ rəsmilərinin bir hissəsi hesab edir ki, Pakistan Tehranla Vaşinqton arasında aparılan danışıqlarda İranın mövqeyini yumşaldır.

Regional rəsmilərin məlumatına görə, hazırda İrana diplomatik həll üçün bunun son şans ola biləcəyi mesajı çatdırılır. Lakin Tehran tərəfinin danışıqlara hazır olmadığı bildirilir.

Nicat Osmanlı

TodayPress TV

tag: ABŞ,Donald Tramp,İran,Diplomatiya,Todaypress.tv,