Yola çıxmazdan əvvəl nələri bilməliyik?: "Evə sağ çatmaq əsas məqsəd olmalıdır"
Cəmiyyət
29.12.2025 17:30
"Yol-nəqliyyat hadisələrinin artmasında sürücülərin hazırlıq səviyyəsi, məsuliyyətsiz davranışları və yol şəraitinə düzgün uyğunlaşmaması əsas amillərdən biridir".
Bu fikirləri nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə açıqlamasında bildirib.
.jpg)
Onun sözlərinə görə, sürücülük təlimlərinə qatılan şəxslərin bir qismi təlim prosesini sona qədər mənimsəmir və bu da gələcəkdə ciddi risklər yaradır:
"Təlim proqramları yalnız şəhər yolları ilə məhdudlaşmamalıdır. Magistral və rayon yolları da mütləq şəkildə tədris olunmalıdır. Heç vaxt uzun yol sürməyən bir sürücünün qəfil magistrala çıxması riskləri daha da artırır. Mövcud qanunvericilik sürücülük vəsiqəsi olmayan şəxslərin magistral yollarda hərəkətini məhdudlaşdırsa da, gələcəkdə uzun məsafələr qət edəcək sürücülər üçün gündüz və gecə, müxtəlif hava və yol şəraitində praktik bacarıqların formalaşdırılması olduqca vacibdir".
Ekspert yol qəzalarının əsas səbəblərindən birinin sürət həddinin aşılması olduğunu vurğulayıb:

“Sürət artdıqca təhlükə də artır. 60 km/saat sürətlə hərəkət edən avtomobil saniyədə 16-17 metr, 100-110 km/saat sürətlə gedən avtomobil isə 30-40 metr yol qət edir. Bu, bir anlıq diqqətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini açıq şəkildə göstərir. Sükan arxasında telefonla danışmaq, video çəkmək, sərnişinlərlə diqqəti yayındıracaq formada ünsiyyət qurmaq qəza riskini xeyli artırır. Sürücü gözünü yoldan bir an belə ayırmamalıdır. Hətta güzgüyə baxmaq saniyənin bir hissəsi qədər olmalıdır. Telefona baxmaq və ya arxaya çevrilib danışmaq ciddi təhlükə yaradır".
Adil Nəbiyev qeyd edib ki, təcrübəli sürücülər arasında da riskli davranışlar az deyil. Artıq sürət və təhlükəli manevrlər ağır qəzalarla nəticələnir:
"Avtomobilin idarəetmədən çıxması, yol kənarına aşması, körpülərdən düşməsi kimi hadisələr çox vaxt insan itkilərinə səbəb olur. Xüsusilə qadın sürücülərin uzun yollara çıxmazdan əvvəl daha geniş təlim və praktiki hazırlığı vacibdir. Qəfil maneələr, heyvanların yola çıxması və kəskin vəziyyətlər sürücünü çaşdıra bilər və bu da yanlış qərarlara yol açır. Çox zaman yalnız sürücü cərimədən qorxduğu üçün kəmər bağlayır, sərnişinlər isə buna laqeyd yanaşır. Halbuki təhlükəsizlik kəməri həyatımızı qoruyan əsas amillərdən biridir".
Mütəxəssis qış mövsümündə və bayram günləri ərəfəsində yol qəzalarının daha çox baş verdiyini əlavə edib. Onun sözlərinə görə, şəhərdən çıxan sürücülər sürəti artırır, avtomobilin və öz imkanlarını "sınağa çəkir", xüsusilə gənclər sürətdən zövq almağa çalışırlar:

"Halbuki uzaq yola çıxarkən əsas məqsəd sağ-salamat mənzil başına çatmaqdır. Unutmamalıyıq ki, evdə bizi gözləyənlər var. Uzaq səfərdən əvvəl avtomobilin texniki vəziyyəti mütləq yoxlanılmalıdır. Təkərlər, tormoz sistemi, şüşəsilənlər, texniki mayelər, mühərrikin istilik rejimi diqqətlə nəzarətdə saxlanılmalıdır. Qış aylarında görmə məsafəsinin azalması da əlavə risk yaradır".
Sonda Adil Nəbiyev sürücülərə yuxusuz və yorğun vəziyyətdə yola çıxmamağı, uzun məsafələrdə hər 1-2 saatdan bir fasilə verməyi və imkan daxilində gündüz saatlarında hərəkət etməyi tövsiyə edib.
Ekspertin fikrincə, yol təhlükəsizliyinin təmin edilməsi həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatının qorunması baxımından əsas prioritet olmalıdır.
Xatırladaq ki, Biləsuvarda ağır yol qəzası baş verib. Toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarına aşıb və su kanalına düşüb. Qəza nəticəsində iki nəfər həyatını itirib.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,Ekspert,Yol-nəqliyyat hadisəsi,Yol şəraiti,Todaypress.tv,
