Xəzərdə “cadu oyunu”: Cəmiyyət üçün təhlükə!
Cəmiyyət
06.01.2026 15:00
“Cəmiyyətdə hələ də falçılıq və cadugarlıqla məşğul olan şəxslərin mövcudluğu ciddi narahatlıq doğurur”.
Bunu TodayPress TV-yə açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov bildirib.

Onun sözlərinə görə, cadugarlıq İslamda qəbul edilmir və bu kimi fəaliyyətlər şeytani əməllər kimi dəyərləndirilir:
“Cadugarlıq var, amma bu, həqiqət deyil. Bu, şeytanın əməlidir. Təəssüf ki, bu gün də guya insanların falına baxan, gələcəyindən danışan və cəmiyyəti açıq-aşkar aldadan şəxslər var. Falçılara inanmaq və onlardan nəsə soruşmaq din baxımından ağır günah sayılır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, kim bir falçının yanına gedər, onun dediklərini təsdiqləyər, ona inanarsa və ya ondan nəsə soruşarsa, cadugarlığa üz tutmuş olar və bu, Qurani-Kərimə küfr sayılır. Çünki bu cür insanlar şeytanlarla əlaqəlidir”.
İlahiyyatçı vurğulayıb ki, falçılıq və cadugarlıq insanlara xeyir yox, zərər gətirir, onları elmdən və məntiqdən uzaqlaşdırır:
“Bunlar insanları sağaltmır, əksinə, daha da xəstələndirir, cəhaləti yayır. Elə insanlar var ki, əslində xəstəxanaya getməli, tibbi müalicə almalıdır, amma gününü cadugarın qapısında keçirir. Halbuki onun dərmanı elmdə və tibb müəssisələrindədir”.
O, cadugarlığın yayıldığı cəmiyyətlərdə cəhalətin hökm sürdüyünü də qeyd edib:
“Cadugarlığın yayıldığı hər yerdə elm deyil, xurafat ön plana çıxır. İnsanlar ağıldan və elmdən uzaqlaşdırılır. Bu, sadəcə yanlış deyil, açıq-aşkar biabırçılıqdır”.
Sonda Yaşar Qurbanov bu cür halların cəmiyyət üçün utancverici olduğunu vurğulayaraq, insanları xurafatdan uzaq durmağa və elmə, sağlam düşüncəyə üstünlük verməyə çağırıb.
Qeyd edək ki, Bakı çimərliklərinin birində lentə alınan görüntülər təəccüb doğurub. Belə ki, sosial şəbəkələrdə suyunun çəkilməsi səbəbindən Xəzərə cadu məqsədi ilə atılan qıfıllar üzə çıxıb. Qıfıllardan birinə hətta 3 düyün vurulub. İnanclara görə qıfıl niyyətin "bağlanması" rəmzi kimi təqdim olunur.
Türkan İsgəndərli
tag: Yaşar Qurbanov,ilahiyyatçı,Cadu,Xəzər dənizi,Todaypress.tv,
