Sənədsiz evlərin sayı artır: Problem niyə həllini tapmır?
Cəmiyyət
05.01.2026 17:12
Azərbaycanda kupçasız, sənədsiz evlərin sayı kifayət qədərdir. Xüsusilə Bakı şəhərində bu problem daha çox özünü göstərir. Rəsmi olmayan hesablamalara görə, paytaxtda təxminən 500 minə yaxın yaşayış evinin hüquqi sənədi yoxdur.
Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov TodayPress TV-yə bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması müəyyən ümidlər yaratsa da, problemin qısa müddətdə tam həllini gözləmək real deyil.

Onun sözlərinə görə, sənədsiz evlərin böyük hissəsi vaxtilə qanunsuz tikinti, təhlükəsizlik normalarına əməl edilməməsi, eləcə də şəhərsalma planlarına uyğun olmayan ərazilərdə inşa olunub:
"Sovet hökuməti dövrü dağıldıqdan sonra ölkənin bir çox ərazilərində şəhərsalma prinsiplərinə uyğun olmayan, nəzarətsiz qalan zonalarda, o cümlədən kənd təsərrüfatı təyinatlı ərazilərdə yeni yaşayış məntəqələri tikilib. Hazırda isə ölkədə 15 ildən artıq istifadədə olan ərazilər üzrə, mənzil məcəlləsinə deyil, şəhərsalma qanunvericiliyinə uyğun olaraq, beş ildən bir planlaşdırma işləri aparılmalıdır".
Ekspert əlavə edib ki, bu işdə təşəbbüskar tərəf Şəhərsalma və Memarlıq Komitəsi olmalı, mövcud inkişaf vəziyyətini və gələcək planları nəzərə alaraq, yeni qəsəbələrin və yaşayış zonalarının şəhər planlaşdırmasını hazırlayıb müvafiq dövlət qurumlarına və Nazirlər Kabinetinə təqdim etməlidir:
"Son bir il üç ay ərzində ölkə başçısı qanunsuz tikililərin leqallaşdırılması ilə bağlı iki sərəncam və fərman imzalayıb, hələ də ciddi dəyişikliklər baş verməyib. Məsələn, 2023-cü ilin oktyabrında ölkədə torpaqların təyinatı və kateqoriyalarının dəyişdirilməsi ilə bağlı sərəncam verilib. Buna baxmayaraq, bir çox ərazilərdə kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaqlarda salınan qəsəbə və kəndlərin sərəncama uyğun dəyişdirilməsi qanunla mümkün deyil. Vətəndaşlar bu sərəncama əsasən tikdikləri evləri qeydiyyata keçirə bilmirlər, çünki ərazilər şəhər planlamasında yoxdur və elektron qaydada onlara imtina cavabı gəlir".
Türkan İsgəndərli
tag: Elnur Azadov,Ekspert,Sənədsiz ev,Artım,Todaypress.tv,
