“Qazsız bayram, çökən sistem" – "Azəriqaz"da NƏ BAŞ VERİR?
Cəmiyyət
02.01.2026 15:32
“Azəriqaz”ın smart-kart tipli qaz sayğacları ilə bağlı yaranmış problem bayram günlərində minlərlə vətəndaşı qazsız qoyub və bu vəziyyət qurumun idarəetmə və rəqəmsallaşma sahəsində ciddi boşluqlarının olduğunu göstərir".
TodayPress TV xəbər verir ki, bu fikirləri rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz öz “Facebook” hesabında paylaşıb.
Ekspert bildirib ki, artıq iki gündür “Azəriqaz”ın smart-kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Onun sözlərinə görə, vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsait yükləsələr də, balansı sayğaca ötürmək istədikdə “kart boşdur” mesajı ilə üzləşiblər.
Osman Gündüz vurğulayıb ki, bu hal problemin kartdan sayğaca ötürülmədə deyil, birbaşa “Azəriqaz”ın mərkəzi – "backend" sistemində olduğunu açıq şəkildə göstərir.
O qeyd edib ki, ödəniş sistemlərinin sahibləri və terminallar da problemin məhz “Azəriqaz”dan qaynaqlandığını təsdiqləyiblər. Buna baxmayaraq, qurum ilkin mərhələdə məsuliyyəti terminalların üzərinə atmağa çalışıb.
Ekspertin sözlərinə görə, “Azəriqaz” sonradan açıqlama verərək sistemin özlərində çökdüyünü faktiki olaraq etiraf edib. Bildirilib ki, 31 dekabrda yaranan texniki nasazlıq 1 yanvarda aradan qaldırılsa da, kütləvi müraciətlər zamanı sistem yenidən sıradan çıxıb. O.Gündüz bu açıqlamanı “bəsit və sayğısız” adlandıraraq, bunun qurumda həm idarəetmə, həm də rəqəmsallaşma problemlərinin dərin olduğunu göstərdiyini qeyd edib:
"Qış mövsümü, ilin sonu və limitlərin sıfırlanması səbəbindən müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, sistem real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu yolverilməzdir”.
Ekspert əlavə edib ki, “Azəriqaz”da oxşar problemlər hər il müxtəlif formalarda təkrarlanır və əsas məsələ təkcə texniki nasazlıq deyil:
"Problem bütün xidmət zəncirinin – xidmətin təqdim olunmasının, billing sisteminin, məlumatların idarə edilməsinin və tədarük prosesinin bir qurumun əlində cəmləşməsidir".
O, həmçinin 2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollarlıq müqaviləni xatırladıb və qeyd edib ki, buna baxmayaraq, bu cür problemlərin davam etməsi ciddi təəssüf doğurur.
Xatırladaq ki, yanvarın 1-dən etibarən “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Məsələ ilə bağlı qurumdan bildirilib ki, yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər iş aparır.
Qiymət Mahir
tag: Azəriqaz,Osman Gündüz,Qaz,Sayğac,Todaypress.tv,
