Palma yağı ilə bağlı qorxular əsassızdır – AİB sədri

Cəmiyyət

05.01.2026 13:20

"Palma yağı ilə bağlı dünyada dolaşan məlumatlar həqiqəti əks etdirmir". 

Bunu TodayPress TV-yə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB)  sədri Eyyub Hüseynov bildirib.


Onun sözlərinə görə, palma yağı iki növə bölünür və bu fərq çox zaman ictimaiyyətə düzgün çatdırılmır:

"Palma yağı iki cür olur: biri meyvəsindən hazırlanan, digəri isə çəyirdəyindən hazırlanan. Meyvəsindən hazırlanan palma yağları qida üçün tam yararlıdır, çəyirdəyindən hazırlanan yağlar isə kosmetika və sənaye sahəsində istifadə olunur".

Sədr əlavə edib ki, palma yağı əsasən müsəlman ölkələrində istehsal olunur və nisbətən ucuz olduğu üçün beynəlxalq duru yağ bazarında qiymət balansına təsir edir. Məhz bu səbəbdən bəzi ölkələrdə palma yağına qarşı məqsədli media kampaniyaları aparılır:

"MDB məkanında və digər ölkələrdə palma yağının bazara girməsinə qarşı ciddi media basqısı var. İctimai rəy formalaşdırılır ki, guya palma yağı zərərlidir. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalı olan körpə qidalarının tərkibində belə palma yağı var. Qida üçün nəzərdə tutulan palma yağının insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Qida üçün olan palma yağı normal yağdır, zərərsizdir. Problem yalnız sənaye üçün nəzərdə tutulan palma yağının qida məqsədilə istifadəsi halında yarana bilər ki, bu da yolverilməzdir".

Ekspert vurğulayıb ki, Azad İstehlakçılar Birliyi palma yağının qida məhsullarında istifadəsi zamanı bunun mütləq şəkildə etiketdə göstərilməsini tələb edir:

"Əgər məhsulun tərkibində palma yağı istifadə olunubsa, bu açıq şəkildə üzərində yazılmalıdır. Bu, istehlakçının məlumatlandırılması baxımından vacibdir. İndi deyirlər ki, İndoneziya və Malayziyada palma yağı üçün meşələr qırılır. Əslində isə bu proses dövri xarakter daşıyır – ağac əkilir, məhsul götürülür və yenidən meşə salınır".

Sonda Eyyub Hüseynov bildirib ki, Azərbaycana idxal edilən qida təyinatlı palma yağlarına Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarət həyata keçirilir və bu sahədə təhlükəsizliklə bağlı ciddi risklər yoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib.

İdxal olunan palma yağının 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Eyyub Hüseynov,Ekspert,Palma yağı,Qorxu,Todaypress.tv,