NFC marşrutlarda aktivləşdirildi: Hansı üstünlükləri olacaq?
Cəmiyyət
29.12.2025 16:42
"Azərbaycanda ictimai nəqliyyatda ödəniş imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi vətəndaşlar üçün daha rahat və əlçatan mühit yaradır".
Bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, istifadəçilər üçün seçim imkanlarının artması yalnız müsbət haldır və alqışlanmalıdır:

"Hər bir istifadəçi özünə hansı ödəniş üsulu daha rahatdırsa, ondan yararlanacaq. Seçimin çoxluğu həm rahatlığı artırır, həm də ödəniş imkanlarını genişləndirir. Bank kartları, NFC texnologiyası, mobil telefonlar və ağıllı saatlar vasitəsilə ödənişlərin tətbiqi ictimai nəqliyyatda ödəniş sisteminin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu texnologiyalar vətəndaşlar üçün daha çevik və rahat ödəniş vasitəsinə çevrilir və ictimai nəqliyyatdan istifadəni xeyli asanlaşdırır".
Ekspert vurğulayıb ki, mövcud ödəniş vasitələri saxlanılmaqla yanaşı, sistem daha da zənginləşdirilir:

"BakıKart, QR bilet, fiziki bank kartı və ya NFC əsaslı ödənişlər paralel şəkildə mövcud olacaq. Heç bir əvvəlki ödəniş üsulu ləğv edilmir, əksinə, mövcud sistemlərə əlavə olaraq yeni imkanlar yaradılır".
Mütəxəssis bu yeniliyin ümumilikdə ölkədə ictimai nəqliyyatda ödəniş sisteminin modernləşdirilməsi baxımından mühüm addım olduğunu bildirib.
"Tətbiq olunan sistemin inteqrasiya olunmuş formada işləməsi xüsusi əhəmiyyət daşıyır. Eyni ödəniş üsullarından metroda, avtobuslarda və əvvəlcədən mövcud olduğu kimi dəmir yolunda istifadə etmək mümkündür. Bütün ictimai nəqliyyat növlərində vahid və çevik ödəniş imkanlarının yaradılması rahatlıq və əlçatanlıq baxımından yalnız müsbət qiymətləndirilə bilər".
Rauf Ağamirzəyev hesab edir ki, bu cür texnoloji yeniliklər ictimai nəqliyyatın cəlbediciliyini artırmaqla yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsinə də töhfə verəcək.
Qeyd edək ki, artıq bütün marşrutlarda NFC ödənişləri aktivləşdirilib.
Türkan İsgəndərli
tag: Rauf Ağamirzəyev,NFC,Nəqliyyat,Ödəniş,Todaypress.tv,
