Gömrük dəyişiklikləri avtomobil qiymətlərinə necə təsir edib? - AÇIQLAMA
Cəmiyyət
06.01.2026 16:21
"2026-cı ildən etibarən xaricdən gətirilən avtomobillər üçün tətbiq olunan gömrük güzəştlərinin aradan qaldırılması fonunda avtomobil bazarında qiymət artımı artıq baş verib".
Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib.

Onun sözlərinə görə, bahalaşma ötən ilin sonlarından etibarən hiss olunmağa başlayıb:
"Bu gözləntiyə əsasən aydın görünür ki, bəzi avtomobil modellərində minimum 20 faiz qiymət artımı var, bəzilərində isə bu göstərici daha yüksəkdir. Bu isə avtomobilin tipindən və kateqoriyasından asılıdır. Hazırkı mərhələdə bazarın davranışını diqqətlə izləmək vacibdir. Bəzi idxalçılar güzəştlərin ləğvi gözləntisi ilə əvvəlcədən çoxlu avtomobil gətiriblər. Əgər gözləntidən daha çox avtomobil gətirilibsə, bu halda onları bazara çıxaran satıcılar düşündükləri qədər yüksək qiymət təyin edə bilməyəcəklər. Məsələn, əvvəllər 20 min manata gətirilən bir BYD avtomobili 21 minə satılırdısa, indi ötən il eyni maya dəyəri ilə gətirilmiş avtomobillərin 24-25 min manata satılması planlaşdırılır".
Ekspert vurğulayıb ki, bazarda təklifin çoxluğu alıcılıq qabiliyyətini məhdudlaşdıra və qiymətlərdə korrektə yarada bilər:
"Rəqabət şəraitində tez pul əldə etmək istəyən satıcı 24 min əvəzinə 23 min manata satışa razı ola bilər. Digər satıcılar isə gözləmə mövqeyi tutaraq istədikləri qiymətə çatana qədər satış etməyə bilər. Yəni bazar özünü tənzimləyəcək. Satıcıların qazancı əvvəlki illərlə müqayisədə müəyyən qədər arta bilər, lakin bu effekt uzunmüddətli olmayacaq. Bu üstünlük qısa müddətlidir. Əsas həlledici amillər bazardakı alıcı potensialı və təklifin həcmi olacaq".
Raqif Raufoğlu əlavə edib ki, hazırkı vəziyyətdə avtomobil bazarında dövriyyə əsasən daxili bazar üzərindən aparılacaq:
"Artıq avtomobillərə ayrılan vəsait birbaşa xaricə çıxmayacaq. İnsanlar daha çox bir-birlərindən avtomobil alacaqlar. İdxalçılar isə bazarda daha ucuz və sərfəli variantlar taparaq tədricən gətirməyə çalışacaqlar", - deyə o fikrini sonlandırıb.
Qeyd edək ki, 2026-cı il 1 yanvar tarixindən etibarən Azərbaycana xaricdən gətirilən avtomobillər üçün vergi və gömrük güzəştləri ləğv edilib.
Türkan İsgəndərli
tag: Raqif Raufoğlu,Ekspert,Avtomobil,Gömrük,Todaypress.tv,
