Gəlir vergisində yeni mərhələ: Gələn aydan kimlərə güzəştlər tətbiq olunacaq?
Cəmiyyət
29.12.2025 10:57
“Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün fiziki şəxslərin gəlir vergisi ilə bağlı tətbiq olunan güzəştlərin müddəti başa çatır və yeni mexanizm qüvvəyə minir”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, “Vergi Məcəlləsinə” edilmiş dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqı 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq. Onun sözlərinə görə, bu çərçivədə özəl sektorda çalışan vətəndaşlar üçün vahid güzəşt mexanizmi tətbiq olunur:
“Bütövlükdə bütün muzdlu işçilərə 200 manat məbləğində vergi güzəşti verilir. Yəni, əgər vətəndaş özəl sektorda çalışırsa və onun aylıq əməkhaqqı 1000 manatdırsa, gələn aydan etibarən ödəyəcəyi gəlir vergisi 24 manat təşkil edəcək”.
Vüqar Bayramov qeyd edib ki, bəzi kateqoriyalara aid vətəndaşlar üçün güzəşt məbləği daha yüksək müəyyənləşdirilib. Belə ki, şəhid statusu almış şəxslərin valideynlərinin, dul həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirdən 800 manat çıxılır:
“Bu kateqoriyaya aid vətəndaşlarımız özəl sektorda 800 manatadək maaş alırlarsa, ümumiyyətlə gəlir vergisi ödəməyəcəklər. Əgər əməkhaqqıları 1000 manatdırsa, bu halda cəmi 6 manat gəlir vergisi tutulacaq. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur”.
Deputat əlavə edib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış vətəndaşların gəlirindən isə 400 manat azaldılır:
“Bu o deməkdir ki, həmin vətəndaşlarımızın əməkhaqqısı minimum əməkhaqqı səviyyəsindədirsə, onlar gələn ildən etibarən gəlir vergisi ödəməyəcəklər. Əməkhaqqı 1000 manat olduğu halda isə ödəniləcək vergi məbləği 18 manat təşkil edəcək”.
Parlamentari vurğulayıb ki, qanunvericiliyə əsasən birinci qrup əlilliyi olan şəxslər, məcburi köçkünlər və digər bəzi kateqoriyalara aid vətəndaşlar üçün də xüsusi vergi güzəştləri nəzərdə tutulur. Onun sözlərinə görə, son illər ölkədə orta aylıq əməkhaqqının artım dinamikası nəzərə alınaraq, gələcəkdə güzəşt məbləğlərinə yenidən baxılması və onların artırılması məqsədəuyğun ola bilər.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Gəlir vergisi,Güzəşt,Todaypress.tv,
