Elm və dövlət siyasəti bir platformada: Bahar Muradova alimlərlə görüşdən yazdı

Cəmiyyət

30.12.2025 13:08

"Bakıda Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən azərbaycanlı alimlər Aygün Azadova və Fərid Ədilov ilə keçirilən görüş elm, təhsil və dövlət siyasətinin bir-birini tamamladığı yeni yanaşmalar üçün mühüm stimul yaratdı".

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz "Facebook" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, alimlərin ilin sonuna – yeni ilin astanasına təsadüf edən Azərbaycana səfəri qarşıdakı dövr üçün planlara müsbət korrektələr edilməsinə və bəzi ideyaların daha konkret şəkildə formalaşdırılmasına şərait yaradıb.

Bahar Muradova qeyd edib ki, Aygün Azadova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində doktorantura təhsilini uğurla başa vuraraq süd vəzi xərçəngi mövzusunda elmi tədqiqatını yüksək səviyyədə müdafiə edib. O, eyni zamanda iki il ərzində həmin universitetdə Biologiya ixtisası üzrə müəllim və fənn rəhbəri kimi fəaliyyət göstərib, tələbələrlə apardığı nəticəyönümlü iş 2024-cü ildə “Təhsildə Mükəmməllik” mükafatı ilə qiymətləndirilib. Bu fakt Azərbaycanlı alimlərin beynəlxalq akademik mühitdə qazandığı etimadın bariz göstəricisi kimi dəyərləndirilib.

"Fərid Ədilov uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifəsində çalışaraq dövlət siyasətinin formalaşdırılması və icrası sahəsində dərin praktiki təcrübə qazanıb. Hazırda o, Essex Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatı Azərbaycanın keys araşdırması əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərar qəbuletməyə təsirini araşdırır. Bu tədqiqatın nəticələrinin növbəti ildə Oxford Universitetində təqdim olunması ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin beynəlxalq elmi platformalarda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Aygün Azadova və Fərid Ədilov 15–16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsində akademik heyət və tələbələr üçün yüksək səviyyəli təlimlər keçiriblər. Akademik tərkib üçün təşkil olunan “Ali təhsildə tədris və öyrənmə” mövzusunda təlimdə Birləşmiş Krallığın ali təhsil təcrübəsi, QAA yanaşmaları və Professional Standards Framework 2023 (PSF) çərçivəsi əsasında müasir tədris və qiymətləndirmə meyarları müzakirə olunub. Tələbələr üçün keçirilən “Akademik oxu və yazı” təlimi isə onların beynəlxalq akademik standartlara uyğun bacarıqlarının inkişafına mühüm töhfə verib.

Ölkə Prezidenti Qarabağ Universitetinin yeni korpusunun açılışında xaricdə təhsil alaraq universitetin tədris və elmi potensialına töhfə verən müəllimləri xüsusi olaraq qeyd edib. Bu yanaşma dövlət üçün insan kapitalına yatırımın və beynəlxalq təcrübənin ölkəyə transferinin strateji prioritet olduğunu bir daha təsdiqləyir" , - deyə B.Muradova qeyd edib.

Görüş zamanı Aygün Azadova və Fərid Ədilovun elmi fəaliyyətlərini davam etdirdikləri universitetlərlə Azərbaycan ali təhsil müəssisələri arasında institusional əməkdaşlıqların, birgə tədqiqatların və akademik mübadilələrin qurulmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, bu alimlər həmin istiqamətdə etibarlı körpü rolunu oynaya bilərlər. Eyni zamanda Fərid Ədilovun tədqiqat sahəsi nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə elmi əsaslı əməkdaşlıq imkanlarının genişləndirilməsi və ölkədə bu sahədə həyata keçirilən siyasətin beynəlxalq auditoriyaya çıxarılması üçün yeni təşəbbüslər üzərində çalışma niyyəti ifadə olunub.

Bahar Muradova sonda qeyd edib ki, elmə, təhsilə və birgə akademik fəaliyyətə söykənən bu ailə yalnız peşəkar uğurları ilə deyil, istinad etdiyi dəyərlərlə də yeni qurulan ailələr üçün nümunədir. Onun sözlərinə görə, ailə və karyera düzgün yanaşma olduqda bir-birinə mane olmur, əksinə, yeni uğurlara stimul verir və ailəni daha da gücləndirir.

O, Aygün Azadova və Fərid Ədilovu elmi fəaliyyətləri, şəxsi və ictimai həyatda qazandıqları nailiyyətlər və bayramlar münasibətilə təbrik edərək, onlara rifah və səadət arzulayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Komitə,Todaypress.tv,