Ekstrasens və ilahiyyatçı ÜZ-ÜZƏ: “Heç kim cadunun varlığını inkar edə bilməz!”
Cəmiyyət
07.01.2026 11:11
Bakı çimərliklərinin birində lentə alınan görüntülər təəccüb doğurub. Belə ki, sosial şəbəkələrdə suyunun çəkilməsi səbəbindən Xəzərə cadu məqsədi ilə atılan qıfıllar üzə çıxıb. Qıfıllardan birinə hətta 3 düyün vurulub. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sirr deyil ki, indi XXI yüzillik olsa da, cadu-pitiyə inanan kifayət qədər insan var.
İlahiyyatçı Yaşar Qurbanov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, cadugarlıq İslamda qəbul edilmir və bu kimi fəaliyyətlər şeytani əməllər kimi dəyərləndirilir.

O hesab edir ki, cadugarlıq var, amma bu, həqiqət deyil şeytanın əməlidir:
“Təəssüf ki, bu gün də guya insanların falına baxan, gələcəyindən danışan və cəmiyyəti açıq-aşkar aldadan şəxslər var. Falçılara inanmaq və onlardan nəsə soruşmaq din baxımından ağır günah sayılır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, kim bir falçının yanına gedər, onun dediklərini təsdiqləyər, ona inanarsa və ya ondan nəsə soruşarsa, cadugarlığa üz tutmuş olar və bu, Qurani-Kərimə küfr sayılır. Çünki bu cür insanlar şeytanlarla əlaqəlidir”.
İlahiyyatçı cadugarlığın yayıldığı cəmiyyətlərdə cəhalətin hökm sürdüyünü də qeyd edib.
Ekstrasens Zirəddin Rzayev isə TodayPress TV-yə açıqlamasında bildirib ki, heç bir din cadunun varlığını inkar etmir:

“Çünki Allah varsa, mütləq şəkildə Şeytan da var. Allah Qurani-Kərimdə Şeytanın varlığını açıq şəkildə bildirir. Allah dünyada hər şeyi cüt yaradıb – qadın və kişi, gecə və gündüz, isti və soyuq, ağ və qara, günəş və ay. Hətta televizoru elektrik şəbəkəsinə qoşanda belə biri müsbət, biri mənfi olmaqla işləyir. Yəni hər şey ikilidir. Biz Allaha inanırıqsa, avtomatik olaraq Şeytanın varlığına da inanmalıyıq”.
Ekstrasens vurğulayıb ki, bu məsələlərə sadəcə xürafat kimi yanaşmaq düzgün deyil:
“Zamanında insanlara desəydilər ki, bir gün simsiz telefonla bir-birimizi görüb danışacağıq, sensorlu ekranlar olacaq, internetlə saniyələr içində məktub göndərəcəyik – buna inanmazdılar. Amma bu gün bunlar reallıqdır. İnsan elmi çatmadığı şeyi əvvəl mümkün saymır, zaman keçdikcə isə mümkün olduğunu görür. Cadu da belədir. Din də, elm də, kvant fizikası da, Eynşteynin nəzəriyyələri də bu fikirlərlə üst-üstə düşür. Cadunun varlığını inkar etmək mümkün deyil”.
O, sonda vurğulayıb ki, elə bir qədim xalq, elə bir etnik qrup, elə bir böyük dövlət tapılmaz ki, onun tarixində cadulara, qarğışlara, alqışlara inanc olmasın. Eyni hal Türk dünyasında da mövcuddur.
Türkan İsgəndərli
tag: Zirəddin Rzayev,Ekstrasens,Yaşar Qurbanov,İlahiyyatçı,Todaypress.tv,
