Benzin və dizel bahalaşdı: "Xərclər artacaq"

Cəmiyyət

30.12.2025 16:45

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.

Artımın səbəbləri və nəticələri barədə TodayPress TV-yə danışan İqtisadçı Xalid Kərimli bildirib ki, yanacaq qiymətlərinin qalxması qeyri-populist bir qərardır. 


Onun sözlərinə görə, artımdan əksər vətəndaş narazıdır, çünki onlar cibindən əlavə xərclər ödəyəcəklər. 

"Məsələn, vətəndaşların təxminən 90%-i maşınlarında Aİ-92 markalı benzin istifadə edir. Benzinin qiyməti əvvəl 1 manat 10 qəpik idisə, indi 1 manat 15 qəpikdir. Bu, aylıq benzin xərclərinin təxminən 4.6% artması deməkdir. Yəni, əgər biri əvvəllər 100 manat ödəyirdisə, indi 104 manat 60 qəpik, 50 manat ödəyən isə 52 manat 30 qəpik ödəyəcək".

İqtisadçı vurğulayıb ki, dizel yanacağının qiyməti isə daha çox artıb. Bu, daşıma xərclərinin yüksəlməsinə səbəb olacaq və təsiri daha geniş yayılacaq:

"Benzin qiymətinin artımı əsasən maşını olan istehlakçılara birbaşa təsir edirsə, dizel yanacağının artımı həm məhsul və xidmət istehsalçılarına, həm də ümumi istehlakçılara təsir göstərəcək. Çünki dizel yanacağı xərci yüksək olan hər bir məhsul və xidmətin qiymətinə ötürüləcək. Xüsusilə iki sektor bu artımdan ciddi təsirlənəcək. Biri kənd təsərrüfatı məhsullarıdır. Onların yetişdirilməsi və daşınmasında dizel yanacağından geniş istifadə olunur. Məsələn, istixanaların (parniklərin) xərcləri artacaq, daşıma xərcləri yüksələcək və nəticədə məhsullar daha bahalı olacaq. Digəri isə tikinti materialları sektorudur. Bu sahədə də daşıma xərclərinin artması məhsul qiymətlərinə birbaşa təsir edəcək".

Xalid Kərimli vurğulayıb ki, müəyyən müddətdən sonra yanacaq qiymətlərinin artımı son qiymətlərə tam ötürüləcək:

"Ümumiyyətlə, dizel yanacağının bahalaşması inflyasiya yaradıcı təsir göstərir və bir çox sektor üzrə xərclərin və nəticədə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Benzin,Dizel,Todaypress.tv,