Azərbaycanın qızıl və dollar ehtiyatları artıb

Cəmiyyət

07.01.2026 15:59

"Azərbaycan ötən il strateji qərar çərçivəsində qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb"

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 


Onun sözlərinə görə, Dövlət Neft Fondunun qızıl portfeli 185 ton, dollar payı isə 68%-dir:

"Dövlət Neft Fondunun investisiya portfelinin şaxələndirilməsi nəticəsində fondun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelinin 68 faizi ABŞ dollarında saxlanılır və dollar portfelinin 32,8 faizi, yəni 22 milyard 982 milyon dolları qızıl investisiyalarından ibarətdir".

Deputat qeyd edib ki, bu göstəricilər Azərbaycanın çevik və strateji sərmayə siyasətinin nəticəsidir və ölkənin iqtisadi dayanıqlığını gücləndirir. Son illərdə qızılın qiymətinin dünya bazarında artması fonunda – son 1 ildə 1,7 dəfə, yarım illik dövrdə 1,2 dəfə və son ayda 35 faiz bahalaşması ilə – Azərbaycan qızıl ehtiyatlarını daha da artırmaq imkanına malikdir. Hazırda qızılın 1 qramının qiyməti 144 dollardır.

“Trade Economics” təşkilatının qiymətləndirmələrinə görə, qızıl ehtiyatlarına görə Azərbaycan dünyada ilk iyirmilikdə qərarlaşıb.

Parlamentari vurğulayıb ki, bu ehtiyatların artırılması iqtisadiyyatın dayanıqlığını və fiskal xərclərin fasiləsiz təminatını təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ qızıl ehtiyatları ilə dünyada birinci yerdədir (8,133 min ton), Almaniya (3,350 min ton) və İtaliya (2,452 min ton) isə ilk üçlüyü tamamlayır.

Vüqar Bayramov  əlavə edib ki, Azərbaycanın çevik sərmayə siyasəti həm də valyuta ehtiyatlarının artmasına, iqtisadi sabitliyin möhkəmlənməsinə və dövlətin maliyyə imkanlarının davamlı təminatına xidmət edir.  

Jalə Rövşən

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Qızıl,Dollar,Todaypress.tv,