Aksiz vergisinin artırılması köhnə avtomobillərin bazar payını azaldacaq?
Cəmiyyət
30.12.2025 16:40
"Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz vergisinin artırılması avtomobil bazarında qiymət artımını qaçılmaz edir".
Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aksiz dərəcəsinin yüksəldilməsi idxal xərclərini artırmaqla yanaşı, həm idxal edilən, həm də ölkə daxilində satışda olan köhnə avtomobillərin qiymətinə təsir göstərəcək:
"Hazırda istehsal tarixi 7 ildən artıq olan benzin mühərrikli avtomobillərə 1,2, dizel mühərrikli avtomobillərə isə 1,5 yüksəldici əmsal tətbiq olunur və bu dəyişikliklər bazarda müzakirə mövzusudur. Aksiz vergisinin artırılması nəticəsində köhnə avtomobillərin qiymətində müəyyən artım müşahidə olunacaq, lakin bu artım bütün seqmentləri eyni dərəcədə əhatə etməyəcək. Bu o demək deyil ki, artıq ömrünü başa vurmuş 40-50 yaşlı avtomobillərin qiyməti artacaq. Qiymət artımı əsasən 7-10 yaş arası olan avtomobillərə aid olacaq".
Ekspertin fikrincə, bahalaşan köhnə avtomobillər fonunda yeni və hibrid modellərə maraq artacaq. Alıcılar daha yeni, ekoloji cəhətdən təmiz və iqtisadi baxımdan səmərəli avtomobillərə üstünlük verə bilərlər:
"Aksiz artımı bazarda alternativ seçimlərin formalaşmasına təsir göstərəcək və alıcı davranışını dəyişəcək. Bu dəyişikliklər bazar strukturuna da təsirsiz ötüşməyəcək".
Eldəniz Cəfərov qeyd edib ki, köhnə avtomobillərin bahalaşması onların alıcılarını ya daha yeni idxal olunan modellərə, ya da yerli bazarda mövcud olan alternativ variantlara yönəldəcək. Bu isə ümumi bazar dinamikasında dəyişikliklərə səbəb olacaq.
O əlavə edib ki, idxal səviyyəsində də müəyyən azalma gözlənilir, xüsusilə 7 ildən yuxarı avtomobillər üçün:
"Qiymət artımı bu avtomobillərin idxalını daha az sərfəli edəcək. Nəticədə bazarda köhnə avtomobillərə olan tələbat azalacaq, idxal edilən avtomobillərin orta yaşı aşağı düşəcək və daha yeni, modern modellərin payı artacaq".
Mütəxəssis vurğulayıb ki, bu addım köhnə və ətraf mühitə daha çox zərər verən avtomobillərin bazardakı payını azaldaraq şəhər havasının yaxşılaşmasına və ekoloji standartların yüksəlməsinə töhfə verə bilər.
Eyni zamanda, yeni avtomobillərə marağın artması sığorta və kredit bazarına da müsbət təsir göstərə bilər:
"Alıcıların kreditlə avtomobil almağa daha çox üstünlük verməsi bank xidmətlərinə olan tələbi artıracaq. Aksiz vergisinin artırılması qısamüddətli dövrdə köhnə avtomobil bazarında fəallığı bir qədər azalda və qiymət artımına səbəb ola bilər. Lakin uzunmüddətli perspektivdə bu addım avtomobil bazarının strukturunu dəyişərək daha yeni, ekoloji cəhətdən təmiz və alternativ modellərə marağı artıracaq".
Türkan İsgəndərli
tag: Eldəniz Cəfərov,Ekspert,Aksiz vergisi,Avtomobil,Todaypress.tv,
