Türkmənistanda Birgə Bəyanat imzalandı
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir.
TodayPress TV xəbər verir ki, bu barədə
oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiya
və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu
olaraq imzalanan Birgə Bəyanatda deyilir.
Sənəddə eləcə də qeyd olunub ki, dövlət başçıları 2026-cı il oktyabrın 15-də
Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində
görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.
Bəyanatda dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə
üzv olduqlarıA digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin
gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin
hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa,
xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli
sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin
vacibliyini vurğulayıblar.
Bundan başqa, tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və
milli maraqlarına hörmət əsasında regional və beynəlxalq təhlükəsizlik sahəsində,
o cümlədən terrorizmə, ekstremizmə və radikalizmə, qanunsuz miqrasiyaya,
transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, narkotik vasitələrin
və silahların qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə, habelə
genişmiqyaslı və transsərhəd fövqəladə halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyəti genişləndirməyə sadiq
olduqlarını bir daha təsdiq ediblər.
Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük
potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə,
investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında
birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə,
müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta
sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə
elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını
ifadə ediblər.
Bundan başqa, dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat
infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd
etdilər və "Şərq–Qərb" və "Şimal–Cənub" beynəlxalq nəqliyyat
dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin
əsas amilləri kimi əhəmiyyətini vurğulayaraq, öz dövlətlərinin ərazilərindən
keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin
vacibliyini təsdiq ediblər.
Tərəflər həmçinin iştirakçı ölkələrin enerji sahəsində əldə olunmuş əməkdaşlıq
səviyyəsini qeyd etdilər və təcrübə mübadiləsi, o cümlədən Mərkəzi Asiya ilə Azərbaycanı
birləşdirən enerji dəhlizlərinin inkişafı layihələrinə yönəlmiş yeni layihələrin
perspektivlərinin öyrənilməsi əsasında bu əməkdaşlığın daha da gücləndirilməsində
maraqlı olduqlarını ifadə etdilər. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Özbəkistan
arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihəsinin imkanlarından
istifadənin əhəmiyyətini qeyd etdilər. Layihənin məqsədi Mərkəzi Asiyadan yaşıl
elektrik enerjisinin Azərbaycan Respublikası vasitəsilə Avropaya ixracı üçün
enerji dəhlizinin yaradılmasıdır.
Tərəflər 2025-ci il noyabrın 21-də Azərbaycanda Beynəlxalq
Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin yaradılmasını
alqışladılar və onun Azərbaycanda və daha geniş regionda rəqəmsal
innovasiyaların inkişafına, startap ekosistemlərinin dəstəklənməsinə və rəqəmsal
transformasiyanın təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyətini qeyd
ediblər. Həmçinin vurğulanıb ki, Mərkəzin əsas məqsədi innovasiya və
sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem iştirakçıları arasında
qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionda rəqəmsal
transformasiyanın sürətləndirilməsidir.
Dövlət başçıları eləcə də aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsinin
zəruriliyini qeyd etdilər və sözügedən istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə
dəstək verməyə hazır olduqlarını ifadə ediblər:
- qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri
həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf
etdirilməsi,
- ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii
ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz
texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunması,
- qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsal sistemlərin tətbiqi, rəqəmsal
transformasiya, süni intellekt və elmi-texniki tərəqqi sahəsində ən yaxşı təcrübələrin
mübadiləsi,
- sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli
şəraitin yaradılması,
- əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb
xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi,
- humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızı birləşdirən
tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği,
habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslərin dəstəklənməsi, Mərkəzi
Asiya və Azərbaycanın böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi
irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi,
- Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin
möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər
arasında əməkdaşlığın inkişaf etdirilməsi,
- Turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi.