"Səssiz fəlakət" İngiltərəni vurdu - Bir həftədə 2400-dən çox insan niyə öldü?
2026-cı ildə İngiltərədə isti hava ilə əlaqələndirilən ölüm hallarının sayı 5258-ə çatıb. Bu, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) 2016-cı ildən etibarən istilərlə bağlı illik ölüm hesabatlarını dərc etməyə başlamasından bəri qeydə alınan ən yüksək göstəricidir.
TodayPress TV xəbər verir ki, bu barədə PA Media məlumat yayıb.
Bundan əvvəlki rekord 2022-ci ildə qeydə alınıb. Həmin il isti hava ilə əlaqələndirilən ölüm hallarının sayı 2985 olub.
2026-cı ilin yayı Böyük Britaniyada meteoroloji müşahidələrin bütün tarixi ərzində ən isti yay olub. Ölkənin ayrı-ayrı bölgələrində bir neçə ay ərzində istilik dalğaları müşahidə edilib. Mayın sonunda Londonun Kyu Qardens ərazisində havanın temperaturu 35,1 dərəcəyə yüksəlib. Bu, müşahidələrin bütün tarixi ərzində may ayı üçün qeydə alınan ən yüksək göstərici olub.
İyunun sonunda Böyük Britaniya Meteorologiya Xidməti nadir istisnalar nəzərə alınmaqla, ilk dəfə ekstremal istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi olan qırmızı xəbərdarlıq elan edib. İyunun 26-da Norfolk qraflığının Linqvud yaşayış məntəqəsində temperatur 38 dərəcəyə yüksələrək ay üzrə yeni rekord müəyyənləşdirib.
İyul ayında İngiltərədə cəmi 7 millimetr yağıntı düşüb ki, bu da uzunmüddətli normanın təxminən 10 faizini təşkil edir. Müşahidələrin başlanmasından bəri bu, ən quraq iyul ayı olub. Avqustun ortalarında isə Qlosterşir qraflığındakı Hartpuri kollecində temperatur 38,2 dərəcəyə çatıb. Həmin gün ilin ən isti günü kimi qeydə alınıb.
UKHSA-nın hesabatına görə, isti hava ilə əlaqələndirilən 3 mindən çox ölüm halı may və iyun aylarında ekstremal yüksək temperatur dövrlərinin payına düşüb. Ən ağır dövr iyunun 21-dən 28-dək davam edib. Həmin günlərdə isti hava ilə əlaqələndirilən təxminən 2401 ölüm halı qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, İngiltərədə isti hava ilə əlaqələndirilən ölüm hallarının sayı 2023-cü ildə 2295, 2024-cü ildə 1311, 2025-ci ildə isə 1504 olub.
Agentlikdən bildirilib ki, istilik dalğalarının mövsümün əvvəlində baş verməsi xüsusilə təhlükəlidir. Çünki əhali, yerli xidmətlər və tibb müəssisələri hazırlıq görməyə imkan tapmamış qeyri-adi yüksək temperatur qeydə alına bilər.
Aysel Mətləb