Marsda barmaq izi tapıldı - Alimlər çıxılmaz vəziyyətdə

Marsda barmaq izi tapıldı - Alimlər çıxılmaz vəziyyətdə
25.11.2026 06:10 Dünya

Marsın səthində barmaq izini xatırladan, uzun və əyri daş cərgələri aşkar edilib.

TodayPress TV xəbər verir ki, qeyri-adi naxışlar planetin Farsida vulkanik bölgəsində yerləşən Dedaliya düzənliyində qeydə alınıb. Görüntülər NASA-nın Mars Reconnaissance Orbiter orbital aparatında quraşdırılmış HiRISE kamerası tərəfindən çəkilib.

Təxminən 5x15 kilometr ərazini əhatə edən görüntülərdə daşların səth boyunca bir-birindən 5-10 metr məsafədə yerləşən zolaqlar əmələ gətirdiyi müəyyən edilib. Xətlər əyilərək bəzi yerlərdə kraterlərin və digər relyef maneələrinin ətrafından keçir.

ABŞ Geoloji Xidmətinin mütəxəssisi Pol Qeysler HiRISE komandasının nəşrində bildirib ki, ərazi Marsda qəbul edilmiş istinad səviyyəsindən təxminən 5,5 kilometr yüksəklikdə yerləşir. Əvvəlki görüntülərdə nisbətən hamar görünən bu sahənin yüksək dəqiqlikli çəkilişləri səthdə mürəkkəb naxışların olduğunu üzə çıxarıb.

Yer kürəsində də daşların zolaqlar, dairələr və çoxbucaqlılar şəklində düzülməsinə rast gəlinir. Soyuq ərazilərdə torpağın dəfələrlə donması və əriməsi iri daşları xırda hissəciklərdən ayıra bilir. Bundan başqa, vibrasiya da daşların yenidən paylanmasına səbəb ola bilər. Belə hallarda iri hissəciklər səthə qalxır, kiçiklər isə aralarındakı boşluqlara çökür.

Lakin Marsda aşkar edilən daş cərgələrinin mənşəyi hələlik məlum deyil. Xətlər arasındakı müntəzəm məsafə və onların maneələrin ətrafından keçməsi alimlərə mümkün izahları müqayisə etmək üçün müəyyən ipucları verir.

Tədqiqatçılar bu qeyri-adi relyef formasının yaranmasında torpağın xüsusiyyətlərinin, temperatur dəyişikliklərinin və ya səthdəki titrəyişlərin hansı rol oynadığını müəyyənləşdirmək üçün əlavə müşahidələrə ehtiyac olduğunu bildirirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər