Silah bir yana, gözyaşardıcı qaz belə vermirlər – SEPAH-dan ETİRAF
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Rusiya və Çinin iranlı etirazçılara qarşı istifadə etmək üçün onlara hətta gözyaşardıcı qaz belə vermədiyini bildirir.
TodayPress TV xəbər verir ki , bu barədə “The Iran Watcher” “X” kanalında məlumat yayıb.
SEPAH-ın “Sarallah” qərargahının komandir müavini Hüseyn Nicat müharibə zamanı hər iki ölkənin İrana silah və sursat tədarük etməməsindən açıq şəkildə şikayətlənib.
“İndi Rusiya və Çindən gözyaşardıcı qaz istəyirik, amma onu da bizə vermirlər”, – deyə o bildirib.
Bu açıqlamanı kimin verməsi xüsusi əhəmiyyət daşıyır. “Sarallah” SEPAH-ın Tehranın daxili təhlükəsizliyinə və iğtişaşların yatırılmasına cavabdeh olan komandanlığıdır. Nicat əvvəllər ali dini liderin mühafizəsini həyata keçirən bölməyə rəhbərlik edib və uzun illər rejimin repressiya aparatında fəaliyyət göstərib.
Paytaxt küçələrinə nəzarətə cavabdeh olan şəxsin kütləvi iğtişaşların qarşısının alınması üçün nəzərdə tutulan əsas vasitələrin çatışmazlığından şikayətlənməsi adi logistika məsələsi deyil.
Onun şikayəti eyni anda iki zəif nöqtəni üzə çıxarır. Rejim öz əhalisinə nəzarət etmək üçün xaricdən təchizat əldə etməyə çalışır, iki ən mühüm beynəlxalq tərəfdaşının isə bu tələbləri rədd etdiyi bildirilir. Bu, həmçinin ölkə rəhbərliyinin prioritetlərini ortaya qoyur.
İranlı ailələr ərzaq və ilkin tələbat məhsullarını almaqda çətinlik çəkdiyi bir vaxtda daxili təhlükəsizliyə cavabdeh yüksək rütbəli komandir həmin insanlara qarşı repressiya vasitələrinin çatışmazlığından açıq şəkildə şikayətlənir.
Bu müraciət rejimin yeni iğtişaşlara hazırlaşdığını göstərir. Əgər qeyd olunan çatışmazlıq həqiqəti əks etdirirsə, bu, əhalinin narazılığını nəzarətdə saxlamaq üçün rejimin arxalandığı təhlükəsizlik aparatına əlavə təzyiq yaradır.
Bununla yanaşı, Çin və Rusiyadan komponentlərin, kimyəvi maddələrin və hərbi təyinatlı digər məhsulların tədarük edildiyinə dair məlumatlar dəstəyin başqa kanallar vasitəsilə davam etdiyini göstərir. Nicatın açıqlaması isə bu münasibətlərin konkret bir məhdudiyyətini üzə çıxarır.
Bu, SEPAH-ın iranlı etirazçıları yatırmaq üçün Rusiya və Çindən vasitələr istədiyinin etirafıdır. Rejimin xarici tərəfdaşlıq münasibətləri öz əhalisinə nəzarət etmək üçün yardım istəməyə qədər uzanır.
Regional gücü və hərbi sahədə özünü təmin etmək qabiliyyəti ilə öyünən rejim öz xalqına qarşı istifadə ediləcək vasitələrlə təhlükəsizlik qüvvələrini təchiz etmək üçün xarici hökumətlərdən yardım istəyir və onların bu tələbi rədd etdiyini açıq şəkildə etiraf edir.
Zəhra Məmmədova