Almaniyada acı statistika - Qadınlara qarşı zorakılıq halları kəskin artdı
2025-ci ildə Almaniyada qadınlara qarşı törədilən cinayətlərin sayı həm real həyatda, həm də rəqəmsal mühitdə əhəmiyyətli dərəcədə artıb.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Federal Cinayət Polisi İdarəsinin (BKA) çərşənbə axşamı açıqladığı məlumatlarda bildirilir.
Qurumun statistikasına əsasən, qətlə yetirilməyə cəhd və qətl cinayətlərinin qurbanı olan qadınların sayı bir il ərzində 859-dan 1176-ya yüksəlib.
Ailə zorakılığından zərər çəkən qadınların sayı 2,8 faiz artaraq 197 667-yə çatıb. Cinsi cinayətlərin qurbanı kimi qeydə alınan qadın və qızların sayı isə 2,3 faiz artaraq 54 675 olub.
Ümumilikdə, 2025-ci ildə Almaniyada 342 qadın və qız öldürülüb. 209 halda ehtimal olunan cinayətkarlar onların partnyorları və ya ailə üzvləri olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 308 qadın və qız qətlə yetirilib.
Xüsusilə rəqəmsal mühitdə zorakılıq qurbanlarının sayında nəzərəçarpan artım qeydə alınıb. Bu göstərici 15,7 faiz yüksələrək 31 221 nəfərə çatıb. İnsan alverindən zərər çəkən qadınların sayı isə 17,7 faiz artaraq 698 olub.
Qurum qadınlara qarşı nifrət zəminində törədilən cinayətləri ayrıca qeydə alır. 2025-ci ildə bu cür cinayətlərin sayı əvvəlki illə müqayisədə 46,8 faiz artaraq 819-a yüksəlib.
Belə cinayətlərin yarıdan çoxunu (51,4 faiz) təhqirlər təşkil edib. Digər 12,6 faizi təbliğat xarakterli hüquq pozuntularının, 11,4 faizi isə nifrətə təhrikin payına düşüb.
Aysel Mətləb