Sürət qatarı və kanat xətti: Ələt turizm mərkəzinə çevirilir - AÇIQLAMA
Milli Məclisin deputatı Aydın Hüseynov Qaradağ rayonunun qəsəbələrinin baş planlarının yenilənməsini və nəqliyyat infrastrukturunun genişləndirilməsini təklif edib. O bildirib ki, Ələt qəsəbəsi artıq Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Millət vəkili əlavə edib ki, sürət qatarlarının fəaliyyətə başlaması turizm baxımından da mühüm əhəmiyyət kəsb edə bilər.
Onun sözlərinə görə, bu, həm turizm, həm də yükdaşımalar və logistika baxımından böyük əhəmiyyət kəsb edəcək:"Bildiyiniz kimi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yerləşdiyi ərazi və əhatə etdiyi geniş sahə baxımından böyük potensiala malikdir. Ələt limanı gələcəkdə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Bu baxımdan, dəmir yolu xəttinin mövcudluğu həm alternativ nəqliyyat imkanları yaradacaq, həm də turistlərin Ələtə rahat şəkildə səfər etməsinə, eləcə də oraya gələn turistlərin qatar vasitəsilə Bakıya asanlıqla çatmasına şərait yaradacaq".
Ekspert müxtəlif nəqliyyat vasitələrinin fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb:
"Çünki nəqliyyat imkanları nə qədər çox və şaxələndirilmiş olarsa, insanların gediş-gəliş imkanları da bir o qədər genişlənər. Buraya qatar, gəmi, dəmir yolu, Bakıda inşa edilməsi nəzərdə tutulan kanat xətti və digər alternativ nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələrinin sayının və çeşidinin artması insanların müxtəlif istiqamətlərə, o cümlədən turizm məkanlarına daha rahat çatmasını təmin edir. Bu da öz növbəsində turistlərin sayının artmasına, turizm məkanlarının əlçatanlığının yüksəlməsinə və həmin ərazilərə səfərlərin daha rahat təşkil olunmasına mühüm töhfə verə bilər".
Türkan İsgəndərli