Hindistanda milyarder ailəsində miras savaşı: Qızı atasını məhkəməyə verdi
Hindistanın ən böyük motosiklet istehsalçılarından biri olan “TVS Motor” şirkətinin sahibi milyarder Venu Şrinivasanın qızı Lakşmi Venu ailənin birgə əldə etdiyi aktivlərin bölünməsi tələbi ilə məhkəməyə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.
Mübahisənin mərkəzində Lakşminin kiçik pay, qardaşı Sudarşanın isə böyük pay əldə etməsini nəzərdə tutan 5-in 95-ə nisbətində bölgü təklifi dayanır. Mübahisənin mahiyyəti Şrinivasan ailəsinə məxsus aktivlərin əvvəlki ailədaxili razılaşmalar çərçivəsində artıq bölünüb-bölünməməsi və ya hələ də bölünməli olan ümumi ailə əmlakı olaraq qalması məsələsidir.
Lakşminin vəkili Aryama Sundaram “India Today” nəşrinə bildirib ki, onun müvəkkili bərabər pay almaq hüququna malik olduğunu düşünür.
“Çətin ki, kimsə bir tərəfin 5%, digər tərəfin isə 95% aldığı belə bir birgə ailə əmlakı bölgüsü ilə razılaşsın”.
Vəkilin sözlərinə görə, Lakşmi məhkəməyə müraciət etməzdən əvvəl təxminən 18 ay ərzində atası ilə danışıqlar apararaq məsələni həll etməyə çalışıb.
Aysel Mətləb