Ürək xəstəliklərinin 99%-nin arxasındakı 4 gizli təhlükə - ARAŞDIRMA
Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi genişmiqyaslı araşdırma infarkt, insult və ürək çatışmazlığı hallarının 99 faizindən əvvəl dörd əsas risk faktorundan ən azı birinin mövcud olduğunu üzə çıxarıb.
TodayPress TV xəbər verir ki, araşdırmaya əsasən, yüksək qan təzyiqi, yüksək xolesterin, yüksək qan şəkəri və tütün istifadəsi ürək-damar xəstəliklərinin əsas risk faktorları arasında yer alır.
2025-ci ildə dərc olunan və ABŞ ilə Cənubi Koreyadan təxminən 9 milyon insanın məlumatlarını əhatə edən tədqiqatda ürək-damar xəstəlikləri yaşayan şəxslərin sağlamlıq tarixçələri araşdırılıb.
Nəticələr göstərib ki, bu xəstəliklərin əksəriyyəti qəfil yaranmır, onların inkişafından əvvəl izlənilə bilən sağlamlıq problemləri mövcud olur.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri yüksək qan təzyiqinin geniş yayılması ilə bağlı olub. İnfarkt, insult və ya ürək çatışmazlığı keçirən şəxslərin 93 faizində xəstəlik yaranmazdan əvvəl yüksək qan təzyiqi aşkarlanıb.
Tədqiqatçılar qan təzyiqinin müntəzəm ölçülməsinin və nəzarətdə saxlanılmasının ciddi sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini bildiriblər.
Qan təzyiqinin cüzi azalması belə riski aşağı sala bilər.
Araşdırmanın nəticələri qan təzyiqinə nəzarətin ürək sağlamlığına təsirini araşdıran digər tədqiqatlarla da təsdiqlənib.
Bu il dərc olunan və 350 mindən çox insanın iştirak etdiyi 51 klinik tədqiqatın nəticələrini qiymətləndirən təhlil qan təzyiqinin aşağı salınmasının ürək-damar xəstəlikləri riskini qısa müddətdə azalda biləcəyini ortaya qoyub.
Təhlilə görə, sistolik qan təzyiqinin hər 5 mm civə sütunu azalması müalicənin ilk ilində insult, ürək-damar xəstəliyi və ya ürək çatışmazlığı riskinin təxminən 12 faiz azalması ilə əlaqələndirilib. Bu təsirin müxtəlif qan təzyiqi dərmanı qruplarında da müşahidə edildiyi bildirilib.
Tədqiqatçılar xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasının da infarkt və insult riskini azalda biləcəyinə diqqət çəkiblər.
Xolesterini azaldan dərmanlarla bağlı uzun illər ərzində aparılan klinik araşdırmalar xüsusilə “pis xolesterin” kimi tanınan LDL səviyyəsinin aşağı salınmasının ürək-damar sağlamlığı baxımından əhəmiyyətli olduğunu göstərir.
Aysel Mətləb