Almaniyanın silah nəhəngi Kiyevdən üz döndərir
Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall”ın rəhbəri Armin Papperger Ukrayna ərazisində artilleriya mərmiləri istehsalı zavodunun tikintisi planından imtina edə biləcəklərini istisna etməyib.
TodayPress TV xəbər verir ki, o, bu barədə investorlarla keçirilən “Capital Markets Day” görüşündə danışıb.
Pappergerin sözlərinə görə, Ukrayna tərəfi layihənin həyata keçirilməsi istiqamətində irəliləyiş nümayiş etdirmir və istehsalı müstəqil şəkildə təşkil etmək istəyir. Bununla belə, o qeyd edib ki, Ukrayna hazırda uzaqmənzilli artilleriya sursatlarını müstəqil istehsal etmək iqtidarında deyil.
Qeyd edək ki, iyunun sonunda “Rheinmetall” Ukraynadan uzaqmənzilli artilleriya sursatlarının tədarükü üçün milyonlarla avro dəyərində sifariş aldığını açıqlamışdı. Sifarişə on minlərlə 155 millimetrlik artilleriya mərmisi və barıt doldurucuları daxil idi. Şirkət həmin sursatların İspaniyada yerləşən “Rheinmetall Expal Munitions” zavodunda istehsal olunduğunu bildirmişdi.
Qiymət Mahir