Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Avropa İttifaqı üzümüzə açılır!

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Avropa İttifaqı üzümüzə açılır!
26.11.2026 11:46 Turizm

Avropa İttifaqı ilə viza məhdudiyyətlərinin aradan qaldırılması məsələsi yenidən gündəmə gəlib. Xarici işlər naziri Ceyhun Bayramov dünən litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında bildirib ki, Azərbaycan viza rejiminin liberallaşdırılmasında maraqlıdır və Litvanın 2027-ci ildə Aİ Şurasına sədrliyi bu istiqamətdə fürsət yarada bilər.

Bəs bu, Azərbaycan vətəndaşları üçün Avropanın qapılarının açılması deməkdirmi? Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız səfər etməsi nə dərəcədə realdır? Proses nə vaxt reallaşa bilər və sadə vətəndaş üçün konkret hansı imkanları yaradacaq?

Sözügedən məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov TodayPress TV-nin suallarını cavablandırıb.


Ekspert hesab edir ki, Litvanın təşəbbüsü müsbət olsa da, bu, vizaların tamamilə ləğv ediləcəyi anlamına gəlmir:

“Litvanın xarici işlər nazirinin Avropa İttifaqı Şurasının sədri kimi bu məsələni gündəliyə gətirməyi və Azərbaycanla Avropa İttifaqı ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərməyi bəyan etməsi, əlbəttə ki, vizaların tamamilə aradan qaldırılması demək deyil. Burada söhbət viza prosedurlarının sadələşdirilməsindən gedir.

İlk növbədə, bu sadələşdirmə nədən ibarət ola bilər? Məsələn, vizanın alınması üçün daha az vaxt tələb oluna bilər. Bildiyimiz kimi, bu gün Avropa İttifaqı ölkələrindən viza almaq prosesi kifayət qədər mürəkkəbdir və bu, istər-istəməz Azərbaycan kimi ölkələrdən həmin dövlətlərə gediş-gəlişdə müəyyən maneələr yaradır. Xüsusilə ailələrini, dost-tanışlarını ziyarət etmək və ya turist kimi Avropa İttifaqı ölkələrinə səfər etmək istəyən insanlar üçün viza prosedurları kifayət qədər vaxt aparır. Bu da insanların səfər etmək qərarlarına birbaşa təsir göstərir”.

Onun sözlərinə görə, sadələşdirmə işgüzar səfərlər edən vətəndaşlar üçün də müəyyən üstünlüklər yarada bilər.

“Sadələşdirmə həm prosedurların müddətinin azaldılmasını, həm də dost-qohumlarını ziyarət etmək və ya ailəlikcə səfər etmək istəyən şəxslərin viza müraciətlərinə daha çevik yanaşmanı əhatə edə bilər. Xüsusilə işgüzar məqsədlərlə Avropa İttifaqına tez-tez səfər edən vətəndaşlarımız üçün xüsusi yanaşmalar tətbiq oluna bilər ki, vizanın daha qısa müddətdə əldə edilməsi mümkün olsun.

Ümumilikdə, Avropa İttifaqı və xüsusilə Şengen vizasının alınması üçün bir sıra sənədlər tələb olunur. Bu sənədləşmə prosesində müəyyən sadələşdirmələrə gedilə, tələb olunan sənədlərin sayı və prosedurların mürəkkəbliyi azaldıla bilər”.

Bununla belə, o, təşəbbüsün reallaşması üçün Aİ daxilində müzakirələr və razılaşmaların vacibliyini vurğulayıb:

“Amma bütün bunlar hələlik bəyanat səviyyəsindədir. Əlbəttə ki, Litvanın belə bir mövqe ortaya qoyması müsbət addımdır. Lakin Litva təkbaşına Avropa İttifaqı ölkələri üçün bu məsələni birtərəfli qaydada həll edə bilməz. Bununla belə, Avropa İttifaqı Şurasına sədrliyindən istifadə edərək məsələni gündəliyə gətirə və digər tərəfdaşlarla müzakirəyə çıxara bilər. Bu da istənilən halda müsbət təşəbbüsdür”.

Mütəxəssis hesab edir ki, viza prosedurlarının yüngülləşdirilməsi qarşılıqlı səfərlərin artmasına və əlaqələrin genişlənməsinə şərait yaradacaq.

“Düşünürəm ki, bu prosedurların sadələşdirilməsi və gələcəkdə müəyyən nəticələrin əldə olunması qarşılıqlı səfərlərin sayını artırar, müsbət təsirini göstərər və ölkələr arasındakı əlaqələri daha da sıxlaşdırar”, - Ceyhun Aşurov fikrini yekunlaşdırıb. 

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 2014-cü il sentyabrın 1-dən qüvvədədir. Bu razılaşma Azərbaycan vətəndaşlarının qısamüddətli səfərləri üçün viza prosedurlarının asanlaşdırılmasını nəzərdə tutur. Lakin saziş vizasız gediş-gəliş hüququ vermir. Hazırda Azərbaycan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə səfər üçün viza almalıdırlar.

Maraqlıdır ki, Azərbaycanla eyni viza sadələşdirilməsi sazişini imzalayan Gürcüstan, Moldova və Ukrayna sonradan Aİ ilə vizasız rejim əldə edə bilib. Azərbaycanla Aİ arasında isə hələlik yalnız viza prosedurlarının sadələşdirilməsinə dair razılaşma qüvvədədir. Bu baxımdan, Litvanın 2027-ci il üçün irəli sürdüyü təşəbbüsün hansı nəticə verəcəyi xüsusi maraq doğurur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər