Gələrsən, görərsən, Şəki nə yerdir - Xanın yurdundan Reportaj

Gələrsən, görərsən, Şəki nə yerdir - Xanın yurdundan Reportaj
22.10.2026 11:13 Turizm

Tarixi küçələri, özünəməxsus memarlığı və zəngin sənətkarlıq ənənələri ilə Azərbaycan daxili turizminin incisi sayılan Şəki növbəti dəfə qonaqlarını özünəməxsus qonaqpərvərliklə qarşılayıb.

TodayPress TV xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də bölgəyə baş tutan mediatur çərçivəsində jurnalistlər Şəkinin yenilənən turizm infrastrukturu, bərpa olunan tarixi abidələri və zəngin mədəni irsi ilə yaxından tanış olublar.

Yenilənən "Yuxarı Baş" və rekord turist axını

Səfərin ilk dayanacağı ölkəmizin ən mühüm tarixi məkanlarından olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqları olub.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və konservasiya işləri barədə ətraflı məlumat verib.

Sədrin sözlərinə görə, ərazinin turizm cəlbediciliyini artırmaq məqsədilə ardıcıl tədbirlər görülür:

""Yuxarı Baş" qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpadan sonra 2026-cı ildə istifadəyə verilib. Bu işlər yalnız tarixi irsin qorunmasına deyil, həm də qədim sənətkarlıq ənənələrinin yaşatılmasına xidmət edir".

Rəqəmlər də bölgəyə olan böyük marağı təsdiqləyir. Təkcə 2026-cı ilin yanvar-sentyabr aylarında Qoruqdakı məşhur Şəki Xan sarayını 128 487 ödənişli turist ziyarət edib. Onların 56,28 faizini (72 309 nəfər) yerli, 43,72 faizini (56 178 nəfər) isə xarici qonaqlar təşkil edib. Bundan əlavə, 42 mindən çox insan Qoruğu ödənişsiz qaydada gəzmək imkanı əldə edib.

Gildən sənət yaradan əllər və Qafqazın ilk Keramika Mərkəzi

Jurnalistlərin növbəti dayanacağı Qala Divarları Kompleksi daxilində yerləşən, XIX əsrə aid tarixi Barıt anbarı binası olub. Bərpa edilərək sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzinə çevrilən bu mekanda tanınmış dulusçu Şöyüb Məmmədov gil qabların hazırlanması prosesini əyani şəkildə nümayiş etdirib. Qeyd olunub ki, burada piti qabları (“dopu”) və su küzələri hazırlanmaqla yanaşı, turistlər üçün maraqlı master-klasslar da keçirilir.

Daha sonra media mənsubları Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə baş çəkiblər. Beynəlxalq tədbirlərin və təlimlərin təşkil olunduğu bu mərkəzdə müasir avadanlıqlarla yanaşı, xalçaçılıq və digər ənənəvi sənət sahələri də yaşadılır.

Tarixin canlı şahidləri: Muzeylər və Rəsm Qalereyası

Bölgənin etnoqrafiyasını və kulinariya irsini özündə əks etdirən Şəki Tarix-Diyarşünaslıq Muzeyi də jurnalistlərin böyük marağına səbəb olub. 3 mindən çox eksponatın qorunduğu muzeydə 1826 dəyərli nümunə sərgi zallarını bəzəyir.

İncəsənət həvəskarlarının ünvanı sayılan Şəki Dövlət Rəsm Qalereyası xüsusi diqqət çəkib. 2022-ci ildə bərpa olunan qalereyanın 361 eksponatlıq zəngin fondu var. Hazırda burada Azərbaycanın və Şəkinin tanınmış rəssamlarının 61 rəsm əsəri və 10 heykəltəraşlıq nümunəsi nümayiş etdirilir.

Ustad şəbəkəçi Tofiq Rəsulov isə öz emalatxanasında şagirdləri ilə birgə mismarsız, yapışqansız ərsəyə gələn möcüzəvi şəbəkə sənətinin incəliklərini media mənsublarına canlı olaraq göstərib.


İki minillik Kiş albaniysı və yerli sahibkarlıq nəfəsi

Mediaturun marşrutu Qafqazın ən qədim apostol məbədi sayılan iki min illik Kiş Alban məbədindən də keçib. Məbədin yerli sakinlər tərəfindən əsrlər boyu ziyarətgah kimi qorunması onun günümüzədək salamat çatmasına zəmin yaradıb. Hazırda qoruq ərazisində Azərbaycanın müxtəlif bölgələrindən tapılan arxeoloji və etnoqrafik nümunələr sərgilənir.

Səfər çərçivəsində jurnalistlər Kiş kəndində sahibkar Arzu Turanginin "Ruh açarı" qonaq evi, şəhər mərkəzində isə Sevinc Bayramovaya məxsus "Süsən" Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyində olublar. Sənətkarlar kəlağayı istehsalının sirlərindən və xarici turistlərin bu milli brendə göstərdiyi böyük maraqdan danışıblar.

Mediaturun ən ləzzətli məqamı isə Yuxarı Karvansaray kompleksində yaşanıb. Məşhur restoranların birində aşpaz Aynurə İsmayılova Şəki mətbəxinin tacı sayılan həqiqi Şəki pitisinin hazırlanma qaydasını media nümayəndələrinə nümayiş etdirib.


İki günlük zəngin proqram jurnalistləri maraqlandıran sualların ətraflı cavablandırılması və xoş təəssüratlarla yekunlaşıb. Şəki bir daha sübut etdi ki, o, yalnız keçmişin deyil, həm də müasir turizmin döyünən ürəyidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər