Avropa ABŞ-yə qarşı “üsyan bayrağı” qaldırır
Bir sıra Avropa ölkələri Ukraynaya dəstək, ticarət və müdafiə sahəsində satınalmalarla bağlı məsələlərdə ABŞ ilə fikir ayrılıqlarını açıq şəkildə müzakirə etməyə daha az ehtiyatla yanaşmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının diplomatlarına, ekspertlərə və qanunvericilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, avropalıların ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə münasibətlərə dair bir sıra narahatlıqlarının reallaşması bu mövqeyə təsir göstərib. Vaşinqtonun Kiyevə dəstəyi məhdudlaşıb, Avropa İttifaqı isə balanssız hesab edilən ticarət sazişinə razılaşmaq məcburiyyətində qalıb.
Diplomatik mənbələrdən biri bildirib ki, ABŞ-nin Avropaya qarşı sərt mövqeyi Vaşinqtonun özünə də baha başa gəlir. Onun sözlərinə görə, ABŞ təzyiqləri azaltmaq niyyətində deyilsə, Avropa İttifaqının fikir ayrılıqlarını açıq şəkildə ifadə etməkdən itirəcəyi çox şey yoxdur.
Tərəflər arasında fikir ayrılıqlarının əsas mövzularından biri Ukraynanın maliyyələşdirilməsidir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Tramp Kiyevə hərbi və maliyyə yardımı üçün ayrılan milyardlarla dolları “boşuna xərclənən vəsait” adlandırıb. Lakin bu tənqid Avropa liderlərinin mövqeyinə ciddi təsir göstərməyib.
Hazırda 2027-ci ildə Ukraynaya 45 milyard avro həcmində kredit ayrılması müzakirə olunur. Bundan başqa, Avropa İttifaqının növbəti yeddi il üçün büdcə layihəsində Ukrayna üçün 100 milyard avro nəzərdə tutulub. Rəsmilər dəstəyin bu həcmdə məhdudlaşmayacağını bildirirlər.
Qiymət Mahir